CƏMİYYƏT


Azərbaycan Texniki Universitetinin tələbələri könüllü qismində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə cəlb ediləcəklər

Bakı, 29 yanvar, AZƏRTAC 

Müdafiə Sənayesi Nazirliyində Azərbaycan Texniki Universitetinin kollektivi ilə görüş keçirilib.

AZƏRTAC MSN-in saytına istinadla xəbər verir ki, Müdafiə Sənayesi naziri Mədət Quliyev Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyev, xüsusi texnika və texnologiyalar fakültəsinin dekanı professor Elçin Rzayev və xüsusi texnika kafedrasının müdiri Ələkbər Hüseynovla görüşüb.

Görüşün məqsədi universitetdə yeni süni intellekt və robotlaşdırma ixtisasının yaradılması, tələbələrin təcrübə qazanmalarına şərait yaradılması və könüllülər qismində müəssisələrin iş prosesinə cəlb edilməsinin müzakirəsi olub.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda “Könüllülər ili” elan olunduğunu qeyd edən Mədət Quliyev universitetin tələbələrinin də könüllülər qismində müəssisələrə cəlb edilmələri, iş prosesi ilə yaxından tanış olmaları və ən əsası könüllülük prinsipi çərçivəsində təcrübəyə yiyələndikdən sonra gələcəkdə əmək fəaliyyətlərinə bu müəssisələrdə başlamaları təklifini irəli sürüb. Nazir tələbələrin ixtisasları üzrə təcrübə qazanmaları və gələcəkdə işlə təmin olunmaları üçün rəhbərlik etdiyi qurumda lazımi şəraiti yaratmağa hazır olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə müəssisələrdə xüsusi texnika kafedrasının nümayəndəliyinin açılması və tələbələrin nəzəri biliklərinin təcrübə ilə əlaqələndirilməsinə şərait yaradılması məsələsi müzakirə olunub.

Görüşdə digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.