ELM VƏ TƏHSİL
Azərbaycan Texniki və Qazi universitetləri arasında ikili diplom proqramı haqqında müqavilə imzalanıb
Bakı, 24 may, AZƏRTAC
Azərbaycanda səfərdə olan Türkiyənin Qazi Universitetinin nümayəndə heyəti Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Texniki Universitetindən (AzTU) məlumat verilib. Bildirilib ki, Qazi Universitetinin nümayəndə heyəti ilə Azərbaycan Texniki Universitetində keçirilən görüşdə rektor Vilayət Vəliyev ali təhsil müəssisələri arasında əməkdaşlığın tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım olduğunu bildirib.
Qazi Universitetinin rektoru Musa Yıldız qardaş ölkədə səfərdə olmaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, bu gün imzalanacaq müqavilə universitetlər arasında əməkdaşlığın inkişafına daha da təkan verəcək.
Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və Qazi Universitetinin rektoru Musa Yıldız universitetlər arasında ikili diplom proqramı haqqında müqavilə imzalayıblar.
Qeyd edək ki, ikili diplom proqramına bu universitetlərin mühəndislik proqramları arasında əməkdaşlıq daxildir. Sənədə əsasən, hər iki universitetin müəllim və tələbələri arasında təhsil və elm sahəsində yeni imkanlar və mədəni əlaqələrin inkişaf etdirilməsi, həmçinin tələbələrin öz ixtisasları üzrə keyfiyyətli təhsil almaları təmin olunacaq.