CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti Almaniyanın Heidelberg Universiteti ilə əməkdaşlığa başlayır

Bakı, 28 yanvar, AZƏRTAC

Almaniya Federativ Respublikasının ali təhsil müəssisələri ilə əməkdaşlıq bizim üçün çox əhəmiyyətlidir və prioritet istiqamətlərdən biridir.

Bunu Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-nun Tədris Cərrahiyyə Klinikası və Almaniyanın Heidelberg Universitetinin Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası arasında əməkdaşlığa həsr olunmuş tədbirdəki çıxışı zamanı deyib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Diplomdan sonrakı təhsil sahəsində əməkdaşlıq” layihəsinə həsr olunmuş onlayn formatlı tədbirin açılış mərasimində Heidelberg Universitetinin Manhaym Tibb fakültəsinin dekanı, professor Sergey Goerdt, Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov iştirak ediblər. Onlar çıxışlarında Azərbaycan və Almaniya arasında müxtəlif sahələr, o cümlədən təhsil və səhiyyə sahəsi üzrə əməkdaşlığın əsas istiqamətlərindən danışıblar.

Rektor, professor Gəray Gəraybəyli öz çıxışında Tibb Universitetinin ötən il 90 yaşını qeyd edən bu qocaman ali təhsil ocağının yaranması və əldə etdiyi uğurları yada salıb. Professor qeyd edib ki, yarandığı 1920-ci ildə Tibb İnstitutuna 25-30 nəfər qəbul edilmişdisə, indi təhsil ocağının altı fakültəsində 8 min tələbə təhsil alır. Onlardan 2500-ə yaxını dünyanın 35 ölkəsindən olan əcnəbi tələbələrdir. Universitetin dörd klinikası haqqında tədbir iştirakçılarına məlumat verən rektor onu da diqqətə çatdırıb ki, Tədris Cərrahiyyə Klinikası 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə tikilərək istifadəyə verilib. Klinikada tələbələrin, xüsusilə də rezidentlərin keyfiyyətli təhsili, bilik və bacarıqlarını artırması üçün hər cür şərait yaradılıb.

Rektor hazırda dünyanın 30-a yaxın ölkəsinin 80-ə qədər ali tədris və elmi-tədqiqat mərkəzləri ilə əməkdaşlıq etdiklərini bildirib: “Beynəlxalq tərəfdaşlıqlarımız arasında Almaniya Federativ Respublikası ilə əlaqələrimiz xüsusi yer tutur. Almaniyada təhsil almaq ATU məzunlarının rezidentura təhsili üçün ən çox üz tutduğu ölkələrdən biridir. Statistikaya görə, indi Almaniyada 900-a yaxın azərbaycanlı həkim işləyir. Ona görə də Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikası ilə əməkdaşlıq bizim üçün vacibdir”.

O, layihəyə verdiyi dəstəyə görə Alman Akademik Mübadilə Xidmətinə öz təşəkkürünü çatdırıb.

Mərasimdə ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Surxay Hadıyev rəhbərlik etdiyi müəssisəsinin fəaliyyəti, yaradılan şərait, pandemiya ilə mübarizədə klinika əməkdaşlarının gördüyü işlər və digər məsələlər barədə danışıb. Konfransda Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının direktoru professor Kristof Reisfelder “Almaniyadakı cərrahi təcrübə və təhsilə qısa baxış” məruzəsi ilə çıxış edib. Manhaym Tibb Mərkəzinin layihə koordinatoru Vüqar Yaqublu “Rezidentura pilləsində cərrahiyyə ixtisası üzrə əməkdaşlıq” mövzusunda və PAGEL proqramı haqqında ətraflı məlumat verib.

Xatırladaq ki, layihənin Azərbaycan tərəfindən koordinatoru ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Orxan İsayev, Almaniya tərəfdən isə Manhaym Tibb Mərkəzinin Cərrahiyyə Klinikasının professoru Mixael Keesedir. Layihənin əsas məqsədi cərrahiyyə profili üzrə diplomdansonrakı tibb təhsili, elmi araşdırmalar və xəstələrin menecmentinin təşkili məqsədilə alman və azərbaycanlı mütəxəssislərin potensialından istifadə edilməsidir. Layihə çərçivəsində qısa və uzunmüddətli təcrübə proqramlarının, canlı və onlayn formatda tədris kurslarının təşkili, həmçinin tələbə və rezidentlərin, gənc həkimlərin təcrübə mübadiləsinin aparılması da nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.