CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti Avrasiya Universitetlər Birliyinə üzv olub

Bakı, 28 iyul, AZƏRTAC

Azərbaycan Tibb Universiteti beynəlxalq əlaqələrinin genişlənməsi, tələbələrin inkişafı və təhsil standartlarının yüksəlməsinə xidmət edən növbəti addımı atıb. Belə ki, Azərbaycan Tibb Universiteti 110-dan çox ali məktəbi ətrafında birləşdirən nüfuzlu Avrasiya Universitetlər Birliyinə (EURAS) üzv qəbul edilib.

Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2008-ci ildən etibarən fəaliyyətə başlayan Avrasiya Universitetlər Birliyi 50-dən çox ölkədən olan universitetlər arasında əməkdaşlığı təşviq edir. Qurumun əsas məqsədi Avrasiya regionunda təhsil standartlarının qlobal inkişafına nail olmaqdan ibarətdir.

EURAS-ın yaratdığı beynəlxalq təhsil platforması dünya üzrə ən yaxşı təhsil xidmətlərini üzv universitetlər üçün əlçatan edir. Üzvlər arasında qurulan dinamik şəbəkə təhsilin akademik standartlarının təkmilləşdirilməsi, tələbə və akademik heyətin mobilliyinin təşviqi, bilik və qabaqcıl təcrübələrin mübadiləsi yolu ilə Avrasiya universitetlərinin liderliyinin gücləndirilməsinə xidmət edir. EURAS xətti ilə təşkil olunan elmi konfranslar və seminarlarda tələbələrlə yanaşı, müxtəlif istiqamətlər üzrə tədqiqatçılar, milli və regional qurumların nümayəndələri təmsil olunur. Ümumilikdə, Avrasiya Universitetlər Birliyinin xətti ilə bütün dünyada təhsilin inkişafı, bu sektorda qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb.

Xatırladaq ki, bu ilin mart ayında Avrasiya Universitetlər Birliyinin sədri Mustafa Aydın ATU-da qonaq olmuş və universiteti EURAS üzvlüyünə dəvət etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.