CƏMİYYƏT
Azərbaycan Tibb Universiteti Dağıstan Dövlət Tibb Akademiyası ilə müqavilə imzalayıb
Bakı, 19 oktyabr, AZƏRTAC
Bu gün Dağıstan Tibb Akademiyasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ilə görüşüb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı Gəray Gəraybəyli ATU-nun beynəlxalq əlaqələrindən söz açaraq bir çox ali təhsil müəssisələri ilə əməkdaşlığın əldə olunduğunu deyib. Qeyd edib ki, təkcə Türkiyənin 16 universiteti ilə əməkdaşlığa dair qarşılıqlı müqavilələr imzalanıb.
Rektor bildirib ki, beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, fərqli təhsil sistemləri ilə tanışlıq və yeniliklərin tətbiqi nəticədə tədrisin təkmilləşdirilməsinə yardım olur. Çünki müasir dövrdə adi mühazirə oxuyan müəllim tələbələri maraqlandıra bilmir, onlara daha çox praktiki biliklərin verilməsi lazımdır. Bu səbəbdən ATU-da tədris sistemində daim islahatlar aparılır. Artıq 5 ildir ki, universitetdə ikipilləli təhsil sistemi tətbiq olunur. Rezidentura pilləsini bitirən məzunlar mütəxəssis həkim sayılırlar. Onlardan bəziləri elə ATU-nun klinikalarında işləyir, bir çoxu isə xarici ölkələrdə staj keçir.
Rektor, həmçinin vurğulayıb ki, beynəlxalq münasibətlər zamanı dil amili mühüm rol oynayır. Bu baxımdan Dağıstan Dövlət Tibb Akademiyası ilə əməkdaşlıq daha rahat olacaq. Digər tərəfdən, Azərbaycanın Dağıstanla həmsərhəd olması da əlaqələri asanlaşdıran amillərdən biridir.
Dağıstan Dövlət Tibb Akademiyasının rektoru, professor Süleyman Mammayev bildirib ki, son illər Azərbaycanda hər bir sahədə müsbət dəyişikliklər baş verib. Bu islahatlar özünü təhsil və səhiyyə sistemində də göstərir. Rəhbərlik etdiyi müəssisə haqqında məlumat verən rektor ATU-nun klinikalarını, əsasən də Anatomiya Muzeyini bəyəndiklərini bildirib və qarşılıqlı tələbə mübadiləsindən yararlanmaq istədiklərini deyib.
Görüş zamanı Azərbaycan Tibb Universiteti ilə Dağıstan Dövlət Tibb Akademiyası arasında əməkdaşlığa dair müqavilə imzalanıb.