ELM VƏ TƏHSİL
Azərbaycan Tibb Universiteti ilə Bilik Fondu arasında əməkdaşlığa dair memorandum imzalanıb
Bakı, 16 fevral, AZƏRTAC
Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə Azərbaycan Tibb Universiteti (ATU) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədi Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və ATU-nun rektoru Gəray Gəraybəyli imzalayıblar.
Bilik Fondundan AZƏRTAC-a bildiriblər ki, memorandumda birgə konfrans, simpozium və seminarların, əhalinin tibbi maarifləndirilməsi ilə bağlı layihələrin həyata keçirilməsi, sosioloji araşdırmalarla bağlı elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, yaradıcı gənclər arasında müsabiqələrin və ATU-nun müəllimlərinin ölkənin müxtəlif regionlarında mühazirələrinin təşkili nəzərdə tutulur.
G.Gəraybəyli ATU-da yerinə yetirilən elmi tədqiqat işləri, tibb sahəsi üzrə yüksək ixtisaslı kadr hazırlığı barədə məlumat verib. Rektor Bilik Fondunun ölkədə bütün sahələrdə aparılan quruculuq proseslərini, daxili və xarici siyasətin mahiyyətini ictimaiyyətə çatdıran bir qurum olduğunu vurğulayıb, universitetin bu təşkilatla əməkdaşlığından məmnunluğunu bildirib.
O.Səmədov rəhbərlik etdiyi qurumun missiyasından, bu günədək görülən işlərdən, layihələrdən danışıb. Bildirilib ki, fondun apardığı maarifləndirici işlər arasında əhalinin tibbi maarifləndirilməsi və sağlam həyat tərzinin təbliği xüsusi yer tutur. ATU-nun müəllimlərinin də fondun “Tibbi maarifləndirmə” proqramı çərçivəsində həyata keçirilən layihələrdə iştirakının əhəmiyyətini qeyd edən icraçı direktor bu əməkdaşlığın əhalinin praktik biliklərinin artırılmasına, sağlam və bilikli insan potensialının formalaşmasına töhfə verəcəyinə əminliyini bildirib.