CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti ilə Fövqəladə Hallar Nazirliyinin Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Tibb Universiteti (ATU) ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəd bu gün FHN Akademiyasında keçirilən görüşdə təsdiqlənib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşən FHN Akademiya rəisi, general-mayor Baba Salayev qonaqlara təhsil müəssisəsi haqqında ətraflı məlumat verib. O, akademiyada elm və tədris prosesinin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait yaradıldığını bildirib. Qeyd edib ki, akademiyada iki ixtisas üzrə fəaliyyət göstərən dörd fakültə, altı kafedra, bakalavriat səviyyəsi üzrə əyani və qiyabi şöbələr, magistratura səviyyəsində təhsil təşkil olunub.

G.Gəraybəyli əməkdaşlığın hər iki təhsil müəssisəsi üçün uğurlu olacağından əminliyini bildirərək FHN Akademiyası ilə iş birliyindən gözləntilərini açıqlayıb. ATU-da tədris-təhsil prosesinin təşkili, son dövrdə aparılan islahatlar haqqında görüş iştirakçılarına ətraflı məlumat verən rektor universitet nəzdində fəaliyyət göstərən klinikaların işi, tələbələr və rezidentlərin inkişafı üçün həyata keçirilən layihələrdən də söz açıb. O, ötən il ATU əməkdaşları və həkimlərinin Azərbaycan üçün taleyüklü iki mübarizədə - Vətən müharibəsi və koronavirusla mübarizədə aktiv iştirak etdiklərini diqqətə çatdırıb.

Daha sonra hər iki təhsil müəssisəsi arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Sənəddə elmi tədqiqat işlərinin aparılması sahəsində birgə fəaliyyət, müvafiq təhsil müəssisələrinin əlaqələrinin genişləndirilməsi, müxtəlif birgə layihələrin, elmi, tədris və metodiki dərclər və nəşrlərin hazırlanması və bir sıra digər məsələlər nəzərdə tutulub. Qeyd olunub ki, ATU və FHN Akademiyasının iş birliyi tibb təhsili sahəsində peşəkar kadrların yetişdirilməsi işinə də öz töhfəsini verəcək.

Görüşdən sonra G.Gəraybəylinin rəhbərlik etdiyi nümayəndə heyəti FHN Akademiyasının maddi-texniki bazası, tədris şəraiti və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.