CƏMİYYƏT


Azərbaycan Tibb Universiteti ilə Türkiyənin Ege Universiteti arasında müqavilə imzalanıb

Bakı, 11 aprel, AZƏRTAC 

Türkiyənin Ege Universitetinin nümayəndələri Azərbaycan Tibb Universitetində (ATU) olublar.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ege Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Canan Fisun Abay, tibb fakültəsinin dekan müavini, professor Rüchan Sertöz universitetin kafedraları, klinikaları, eləcə də Anatomiya muzeyi ilə tanış olublar.

C.F.Abay universitetdə tibb sahəsi üzrə yüksək səviyyəli təhsil almaq üçün hər cür şəraitin olduğunu, klinikaların da müasir, Avropa standartlarına uyğun avadanlıqlarla təchiz edildiyini bildirib.

Daha sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlarla görüşüb. Rektor iki universitet arasında əməkdaşlıq əlaqələrinin genişləndiyini qeyd edib. G.Gəraybəyli bildirib ki, Ege Universitetinin nümayəndələri ilə əvvəllər də tələbə mübadiləsi, ikili diplomların tanınması və digər məsələlər müzakirə olunub, müqavilələr imzalanıb.

Görüşdə, həmçinin Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın tərkib hissəsi kimi beynəlxalq ikili diplomlar məsələləri müzakirə olunub. Qeyd edilib ki, universitetlər arasında əməkdaşlıq illərdir davam edir. ATU-nun rezidentləri Ege Universitetinin bir çox klinikalarında rotasiyalarda olublar. Lakin ikitərəfli razılıq daha geniş əməkdaşlıq imkanları yaradır. Bu əməkdaşlıq Azərbaycanın Təhsil Nazirliyi tərəfindən də dəstəklənir və həyata keçirilən proqram əsasında bütün xərclər dövlət tərəfindən ödəniləcək.

Daha sonra Təhsil Nazirliyinin nümayəndəsi ilə bir sıra mövzular ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda ATU ilə Ege Universiteti arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.