CƏMİYYƏT
Azərbaycan Tibb Universiteti ilə Türkiyənin “Halk Sağlığı Uzmanları Dərnəyi” arasında iş birliyinin əsası qoyulur
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetində (ATU) Türkiyənin “Halk Sağlığı Uzmanları Dərnəyi”nin (HASUDER) nümayəndə heyəti və Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı ofisinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev və Tədris Terapevtik Klinikasının direktoru Samir Allahverdiyevin iştirak etdiyi görüşdə Azərbaycanda ictimai səhiyyə sahəsində görülən işlər barədə qonaqlara məlumat verilib. Həmçinin, qardaş Türkiyə ilə Azərbaycan arasında ictimai səhiyyə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə HASUDER ilə ATU arasında əməkdaşlıq memorandumunun imzalanması haqqında ilkin razılıq əldə edilib, sazişin şərtləri müzakirə olunub. Memorandumda bir sıra önəmli məsələlər, o cümlədən Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsini bitirmiş məzunların diplomlarının Türkiyədə tanınması məsələsi də yer alacaq.
Görüşün sonunda HASUDER-in təmsilçiləri qurumun fəaliyyəti və təklif etdiyi imkanlarla bağlı təqdimat keçiriblər.
Türkiyəli mütəxəssislərin səfərinin məqsədi HASUDER ilə Azərbaycan Səhiyyə Nazirliyi və ATU arasında təhsil, elmi araşdırmaların aparılması sahəsində iş birliyinin əsasını qoymaqdan ibarətdir.
HASUDER-in nümayəndə heyətinin tərkibinə ictimai səhiyyə sahəsində çalışan 16 nəfər daxildir.