CƏMİYYƏT
Azərbaycan Tibb Universiteti rezidentlərinin VII elmi-təcrübi konfransı keçirilir YENİLƏNİB
Bakı, 15 may, AZƏRTAC
Azərbaycan Tibb Universiteti (ATU) rezidentlərinin VII elmi-təcrübi konfransı (ATUREK-7) keçirilir. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli dünyada nüfuzu getdikcə artan, müstəqil və məqsədyönlü siyasət aparan Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda digər sahələrdə olduğu kimi, elm və təhsil sahəsinin də sürətlə inkişaf etməsini vurğulayıb: "Respublikamızda tibb kadrlarının yetişdirilməsində müstəsna əhəmiyyəti olan rezidentura təhsili 2011-ci ildən başlayaraq uğurla davam etdirilir və təkmilləşdirilir. Bu gün universitetimizin klinikalarında 36 ixtisas üzrə 640-dan çox rezident təhsil alır, onlardan da 32-si müxtəlif xarici ölkələrin vətəndaşlarıdır. Onlar öz kliniki bacarıqlarını artırmaq üçün klinikalarımızda çalışan bacarıqlı həkimlərdən yararlanmaqla bərabər xarici ölkələrdə də, o cümlədən Türkiyə, Almaniya, İsveç, Fransa, ABŞ, İran və digər ölkələrdə 4-10 ay müddətində rotasiyalarda olur, müxtəlif konfrans və seminarlarda iştirak edirlər”.
Bildirilib ki, konfransda 28 ixtisas üzrə 184 elmi iş olmaqla, 103 məruzə və 81 poster şəklində çıxış üçün seçilib. Bunlardan 21-i elmi tədqiqat işi, 8-i digər klinik bazalardan olan rezidentlərdən qəbul edilib. Bu il ilk dəfə olaraq rezidentlərlə bərabər ATU-da təhsil alan 30 magistrant elmi iş təqdim edib. Bu il ikinci dəfədir ki, ATUREK konfransı çərçivəsində pediatriya, kardiologiya, cərrahiyyə, stomatologiya, endikrinologiya və əczaçılıq ixtisasları üzrə kurslar aparılacaq.
Sonra rezidentlər professor-müəllimlər və peşəkar həkimlərin rəhbərliyi altında hazırladıqları elmi–təcrübi işləri təqdim ediblər.
Konfrans mayın 16-da öz işini davam etdirəcək və iştirakçılara sertifikatlar veriləcək.