CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində 3 aylıq körpə üzərində nadir əməliyyat aparılıb
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsində bütün yaş dövrlərinə aid uşaqlara müasir, ixtisaslaşmış cərrahi yardım göstərilir. İndiyədək klinikanın cərrahları tərəfindən bir çox körpə əməliyyat olunaraq öz sağlamlığına qovuşub. Belə əməliyyatlardan biri də bu günlərdə 3 aylıq Rəsul Əlizadə üzərində aparılıb.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci il iyun ayının 17-də dünyaya gələn körpə sentyabrın ortalarında hirşprunq diaqnozu ilə ATU-nun Tədris Cərrahiyyə Klinikasına daxil olub. Bağırsaq keçirməzliyi problemi olan uşağın valideynləri bundan əvvəl bir neçə klinikaya müraciət etsələr də, orada təklif olunan müalicə və üç mərhələli əməliyyat üsulu ilə razılaşmadıqlarını bildiriblər.
Bu barədə danışan ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri, dosent Ramiz Poluxov deyib: “Klinikada diaqnoz təsdiqlənib. Lakin biz yüksək ixtisaslaşmış anestezioloji-reanimatoloji xidmətləri nəzərə alaraq, xəstənin bir mərhələli-transanal yolla yoğun bağırsağın rezeksiyası-koloanal anastomozun qoyulması əməliyyatını təklif etdik və körpə sentyabrın 15-də əməliyyat olunub. Əməliyyatdan bir sutka sonra xəstə qidalandırılmağa başlanılıb və artıq yeddinci sutkada kafi vəziyyətdə evə ambulator müalicəyə göndərilib”.
Cərrah R.Poluxovun sözlərinə görə, bu, ən müasir əməliyyatlardan sayılır. Xəstəyə koloanal anastomoz qoyulur. Bu zaman qarının ön divarında heç bir kəsik aparılmadığına görə kosmetik qüsur yaratmır.