CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində Bilik Günü qeyd olunub

Bakı, 16 sentyabr, Əziz Məmmədov, AZƏRTAC

Sentyabrın 16-da Azərbaycan Tibb Universitetində (ATU) Bilik gününə həsr olunmuş təntənəli mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda universitetin professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Tədbirdə universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Gəray Gəraybəyli ölkəmizdə Bilik gününün keçirilməsi ənənəsinin əsasının Prezident İlham Əliyev tərəfindən qoyulduğunu xatırladaraq deyib: “Azərbaycanda elmi biliklərin, təhsil sisteminin, səhiyyənin ardıcıl inkişafı Prezidentin qlobal inkişafa doğru aparan uzaqgörən siyasətinin tərkib hissəsini, bu siyasətin əsas özəyini təşkil edir. Hazırda Azərbaycanda, eləcə də Azərbaycan Tibb Universitetində səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə ATU-nun müəllim və professor heyətinin xüsusi rolu var. Məzunlarımızın sorağı dünyanın müxtəlif ölkələrindən gəlir ki, bu da çox sevindirici haldır. Ölkəmizdə tibb sahəsində atılan uğurlu addımlar uzun illərdən bəri Azərbaycan Tibb Universiteti əməkdaşlarının apardıqları elmi axtarışların və gərgin əməyin bəhrəsidir. Sizi də bu böyük ailənin bir üzvü olmanız münasibətilə təbrik edir, bu çətin və məsuliyyətli seçimdə uğurlar arzulayıram”.

Rektor universitetin keçdiyi inkişaf yoluna da nəzər salıb, bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsində və yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb. Bildirib ki, tibb təhsilinə həmişə diqqət və qayğı ilə yanaşan Ulu Öndər həkimlərimizin və müəllimlərimizin əməyinə daim yüksək qiymət verib.

Gəray Gəraybəyli diqqətə çatdırıb ki, 2019-2020-ci tədris ilində Azərbaycan Tibb Universitetinə 770 nəfər qəbul olunub. Bildirib ki, bu il ATU-nun müalicə işi fakültəsinə 483 nəfər (441 nəfər Azərbaycan, 42 – rus bölməsi), tibbi-profilaktika fakültəsinə 49 nəfər (35 nəfər Azərbaycan, 14 – rus bölməsi), stomatologiya fakültəsinə 68 nəfər (55 nəfər Azərbaycan, 13 – rus bölməsi), əczaçılıq fakültəsinə 68 nəfər (54 nəfər Azərbaycan, 14 – rus bölməsi) qəbul olunub. Bununla yanaşı, 65 nəfər hərbi həkim, 24-i isə hərbi feldşer ixtisasını seçib. Bu il həm də 13 nəfər magistraturaya qəbul olunub. 2019-2020-ci tədris ilində hazırlıq şöbəsini 396 nəfər xarici ölkə vətəndaşı müvəffəqiyyətlə başa vurub.

Sonra ATU-nun əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva ümummilli lider Heydər Əliyevin elmin və təhsilin inkişafı və təkminləşdirilməsi istiqamətində əvəzsiz addımlarından danışıb. Bildirilib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi səhiyyə və təhsildə də bütün uğurların Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdikləri qayğının nəticəsində əldə edildiyi diqqətə çatdırıb.

Bu il 25 prezident təqaüdçüsü ATU-nu seçib. Onların arasında qəbul imtahanında respublika üzrə ən yüksək bal (695) toplayan Təhmin Muradovdur. O, Tibb Universitetində yüksəkkeyfiyyətli təhsil alıb, daim bu ali təhsil ocağının adını ucaldacağına və müəllimlərinin etimadını doğruldacağına söz verib.

Bilik gününə həsr olunmuş mərasimdə ATU-nun birinci kurs tələbələri, builki qəbul imtahanında ən yüksək bal toplayan 3 gəncə noutbuk hədiyyə olundu. T.Muradovla yanaşı, Məhəmməd Ağamalıyev (694,3 bal) və Samilə Qədəşova (693 bal) da ATU rəhbərliyi tərəfindən mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.