CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində Dövlət Müstəqilliyi Günü qeyd olunub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) patoloji fiziologiya kafedrasında Dövlət Müstəqilliyi Günü ilə əlaqədar olaraq tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev dövlətimizin müstəqillik qazanması ilə bağlı xalqımızın keçdiyi şərəfli yol, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edilməsi və 1918-1920-ci illərdə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olunması ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib: “Konstitusiya aktı 6 fəsil, 34 maddədən ibarət olub. 1991-ci il dekabrın 29-da məsələ ümumxalq referendumunda müzakirəyə çıxarılıb və əhalinin 95 faizindən çoxu müstəqilliyimizə, suverenliyimizə, istiqlaliyyətimizə səs verib”.
Professor ölkəmiz müstəqillik qazandıqdan sonra xalqımızın 28 ildə keçdiyi keşməkeşli həyat yolundan, ulu öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması istiqamətində xarici və daxili qüvvələrə qarşı apardığı yorulmaz mübarizədən söhbət açıb: “Ölkəmizin müstəqillik qazandığı ilk dövrlər bəzi dövlətlər və qüvvələr müstəqillik qazanmağımızı heç cür həzm edə bilmirdi. Azərbaycanı idarə edənlər də elə idarəçilik təcrübəsinə malik deyildirlər. Buna görə də bəzi separatçı qüvvələr ölkənin cənubunda Talış Muğan Respublikası, şimalında “Sadval”, qərbində isə digər məsələləri qaldırır, müstəqilliyimizin varlığına təhlükə yaratmaq istəyirdilər. Ölkəmizin belə bir qarışıq dövründə müstəqilliyimizin ən yaxşı zəmanətçisinin məhz ümummilli lider Heydər Əliyev olduğunu Azərbaycan ziyalıları yaxşı anlayırdı. Elə bu səbəbdən də xalqımızın və ziyalılarımızın dəvəti və müraciəti əsasında Heydər Əliyev hakimiyyətə gəldi. Heç şübhəsiz ki, onun hakimiyyətə gəlişi müstəqilliyimizin qorunub-saxlanılmasında və inkişafında böyük əhəmiyyət kəsb etdi”.
Prorektor Ulu Öndərin hakimiyyəti dövrünü geniş təhlil edərək, onun xalqımızın elmi, mədəniyyəti, sənayesi, kənd təsərrüfatı və digər sahələrdə inkişafındakı rolundan söhbət açıb.
Tədbir zamanı Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması istiqamətində fəaliyyətini əks etdirən film nümayiş olunub.