CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində I kurs rezidentləri ilə görüş keçirilib

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında I kurs rezidentləri ilə görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, klinikanın direktoru Samir Allahverdiyev toplantını açaraq professor-müəllim heyətini, bütün tədbir iştirakçılarını salamlayıb və rezidentlərə praktiki fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirdə çıxış edən rezidentura şöbəsinin müdiri, professor Rizvan Məmmədov rezidentlərə rektorun təbrikini çatdırıb.

Bu il rezidenturaya qəbul planının artdığını söyləyən şöbə müdiri qarşıda duran vəzifələrdən, mövcud problemlərdən və ortaya çıxan çətinliklərin həlli yollarından danışıb: “Artıq öz kuratorları ilə tanış olan rezidentlərin bundan sonrakı fəaliyyətlərinin səviyyəsi, ilk növbədə, nizam-intizama necə riayət edəcəklərindən, işə hansı məsuliyyətlə yanaşacaqlarından asılı olacaq”.

Hər bir rezidentin həm Səhiyyə Nazirliyi, həm də Tibb Universiteti ilə müqavilə bağladığını xatırladan R.Məmmədov onların götürdükləri öhdəliklərlə yanaşı, malik olduqları hüquqlardan da yararlana biləcəklərini qeyd edib: “Klinikanın rezidentlərlə iş üzrə müavini Fuad Səmədov, rezidentura şöbəsinin müdir müavini Nigar Sədiyeva sizə yaxından köməklik göstərəcəklər. Hər birinizin fərdi iş planı olmalıdır. Rotasiyaların təşkili ilk növbədə klinika rəhbərliyi ilə razılaşdırılmalıdır. Rotasiya I kursda noyabrın 10-dan sonra başlanacaq. Kafedra müdirlərinin rotasiyalara ciddi nəzarət etməsi çox vacibdir. Çünki rezidentlərin sayındakı artımla əlaqədar şöbələrdə müəyyən sıxlıqların yaranması mümkündür. Onu da xatırladım ki, I kursdan xarici ölkələrə rotasiya yoxdur. II kursdan sonra kuratorun, kafedra və şöbə müdirlərinin rəyi əsasında nəzəri, praktiki göstəriciləri yüksək olan rezidentlərimiz heç bir məhdudiyyət olmadan xarici ölkələrdə rotasiya keçə bilərlər”.

Çıxışında rezidentlərin elmi-tədqiqat işlərinə cəlb edilməsinin zəruriliyi, bəzi ixtisaslar üzrə xəstələrin sayının azlığı, gecə növbələrinin təşkili və digər məsələlərə də toxunan şöbə müdiri rezidentlərin haqlı narazılığı əsasında kuratorların dəyişdiriləcəyini və bu cür halların müəllimlərin qiymətləndirilməsinə mənfi təsir göstərəcəyini də deyib.

Tədbirdə professor Yaqub Qurbanov çıxış edərək rezidentləri təşəbbüskar olmağa, öz işlərinə məsuliyyətlə yanaşmağa çağırıb və seçdikləri ixtisaslarını yüksək səviyyədə mənimsəmələrini tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.