QAN YADDAŞI
Azərbaycan Tibb Universitetində Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 18 yanvar, AZƏRTAC
Yanvarın 18-də Azərbaycan Tibb Universitetində (ATU) 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə universitetin rəhbərliyi, müəllim və tələbə heyəti ATU-nun 3 saylı tədris binasının qarşısında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoydu.
Sonra universitetin rektoru, professor Gəray Gəraybəyli çıxış edərək xalqımızın tarixində saysız-hesabsız qəhrəmanlıq nümunələrinin olduğunu diqqətə çatdırıb. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində belə hadisələrdən olduğunu vurğulayan rektor tariximizə qızıl hərflərlə düşmüş həmin gecənin milliyyətçilik, müstəqillik ideyasının formalaşmasında böyük rol oynadığını bildirib. Daha sonra rektor o qanlı gecədə dinc əhaliyə qarşı törədilən vəhşiliyin Azərbaycan xalqının əzmini qıra bilmədiyini diqqətə çatdırıb.
Professor çıxışında 20 Yanvar faciəsinin bir tərəfdən faciə, digər tərəfdən milli dirçəliş, millətin formalaşmasında önəmli olduğunu, gənclərdə vətənpərvərlik hisslərini artırdığını vurğulayıb.
Tədbirdə daha sonra III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov, I cərrahi xəstəliklər kafedrasının dosenti Səxavət Rəfiyev, universitetin tələbəsi Nailə Şirəliyeva çıxış edərək həmin gecə baş verən hadisənin dəhşətindən danışıblar. Çıxış edənlər 20 yanvar günü şahidi olduqları hadisələr barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Həmçinin tibb işçilərinin Qanlı Yanvar gecəsində cəsarətindən, çətinliklə də olsa canları bahasına yaralılara yardımından söz açılıb.
Anım mərasimində 20 Yanvar faciəsinin imperiyanın məkrli siyasətinin nəticəsi olduğu və hadisələrə yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra siyasi-hüquqi qiymət verildiyi diqqətə çatdırılıb.
Daha sonra "Qara Yanvar" faciəsinin xalqımızın tarixinin şərəfli və şanlı səhifəsi olduğu, azadlığımızın memarlarının xatirəsinin yaddaşımızda əbədi yaşayacağı vurğulanıb.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən qırğında ATU 9 şəhid verib.