CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib

Bakı, 17 iyun, AZƏRTAC

17 iyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Azərbaycan Tibb Universitetində (ATU) tədbir keçirilib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə universitetin ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup əməkdaşa Fəxri fərmanlar və pul mükafatları təqdim olunub.

Tədbiri ATU-nun rektoru, professor Gəray Gəraybəyli açıb. Bayramla əlaqədar təbriklərini çatdıran rektor 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyinin yaradılması haqda qərar qəbul olunduğunu xatırladıb və əlavə edib ki, ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli sərəncamına əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur: “Hər il peşə bayramımızı müxtəlif formatlarda qeyd etməyə çalışmışıq. Amma keçən il həyatımızda, ümumiyyətlə tariximizdə qeyri-adi bir il oldu. Artıq il yarıma yaxındır ki, davam edən COVID-19 pandemiyası istər ölkəmizdə, istərsə də dünyada həyatın bütün sahələrinə, o cümlədən tədris prosesinə ciddi təsir edib. Təsadüfi deyil ki, məhz həkimlər, tibb işçiləri bu ağır mübarizəyə ön cəbhədən qoşularaq, böyük fədakarlıq göstəriblər. Bu gün isə ölkəmizin çətin dövrdən az itkilərlə çıxmağı bacardığını, vaksinasiya prosesi baxımından regionda ön yerdə olduğunu deyə bilərik”.

Gəray Gəraybəyli Ermənistanın hərbi təcavüzü nəticəsində 30 il işğalda olan torpaqlarımızın azad edildiyi 44 günlük Vətən müharibəsinə xüsusi toxunub, ATU-nun çoxlu sayda əməkdaşının bu şərəfli tarixdə imzası olduğunu vurğulayıb.

Rektor bildirib ki, bu gün, həmçinin Səhiyyə Nazirliyinin kollegiyası keçirilib. O, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayevin ATU-nun kollektivinə təbrik və salamlarını çatdırıb: “Teymur Musayev ATU-nun ölkədə istər tibb tədrisi, istərsə də öz klinikaları ilə vətəndaşların sağlamlığının keşiyində dayanması ilə səhiyyəmizin ümumi inkişafında böyük rol oynadığını vurğuladı, yeni-yeni uğurlar dilədi.

Bildiyiniz kimi, universitetimizin 90 illik yubileyi ötən ilə təsadüf etdi. Təəssüf hissi ilə qeyd edirəm ki, əvvəlcədən planlaşdırılan tədbirlərin məlum səbəblərdən yalnız kiçik bir hissəsini və yalnız onlayn həyata keçirə bildik. Yubileyimiz münasibətilə ölkə rəhbərliyi tərəfindən 21 nəfər, Səhiyyə Nazirliyi tərəfindən isə 20 nəfər əməkdaşımız təltif olundu”.

Sonra rektor G.Gəraybəylinin əmri ilə universitetin ictimai-siyasi həyatında fəal iştirak edən, o cümlədən pandemiya ilə mübarizədə və Vətən müharibəsində ön sıralarda olan bir qrup əməkdaşa Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Fəxri fərman və 300 manat məbləğində pul mükafatı təqdim olunub.

Daha sonra ATU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov çıxış edərək bildirib ki, ATU-nun 90 illik yubileyi münasibətilə 2021-ci il aprelin 26-da Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin Qərarına əsasən, səhiyyə sistemində çoxillik səmərəli və qüsursuz əmək fəaliyyətinə görə, 15 nəfər əməkdaş Fəxri fərmanla təltif olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.