CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində növbəti uğurlu böyrək köçürülməsi əməliyyatı icra olunub
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu böyrək köçürülməsi əməliyyatı icra olunub. Böyrək çatışmazlığından əziyyət çəkən 53 yaşlı xəstəyə qohumunun böyrəyi köçürülüb.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Klinikanın transplantologiya şöbəsinin müdiri Anar Namazov bildirib ki, diabetik nefropatiya şikayəti ilə müraciət edən pasiyent 3 ildir dializ xəstəsi imiş: "Xəstə böyrək köçürülməsi üçün bizə müraciət etdi. Donor qismində yaxın qohumu çıxış edirdi. Ətraflı müayinələrdən sonra orqan uyğunluğu təsdiqləndi və əməliyyat reallaşdırıldı. Donor laporaskopik üsulla əməliyyat olundu.
Əməliyyat donor və orqanı qəbul edən xəstədə eyni gündə aparıldı. Belə ki, cərrahi müdaxilə iki masada aparıldı və iki fərqli briqada tərəfindən icra olundu. Əməliyyat təxminən 4-5 saat davam etdi. Donor əməliyyatdan 3 gün sonra, böyrək köçürülən xəstə isə 1 həftə sonra evə buraxıldı".
Şöbə müdiri belə ağır əməliyyatlarda anestezioloji briqadanın peşəkarlığının mühüm rol oynadığını da diqqətə çatdırıb.
Qeyd edək ki, diabetik nefropatiya şəkərli diabetin ağırlaşmasıdır və böyrək damarlarının zədələnməsi ilə xarakterizə olunur. Xəstəlik inkişaf edib ağırlaşanda böyrəklərin filtrasiya qabiliyyəti aşağı düşür və arterial təzyiq yüksəlir.