CƏMİYYƏT


Azərbaycan Tibb Universitetində professor Əhməd Abasquliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib YENİLƏNİB

Bakı, 19 aprel, AZƏRTAC

Aprelin 19-da Səhiyyə Nazirliyi, Tibb Universiteti və Azərbaycan Psixiatriya Assosiasiyasının birgə təşəbbüsü ilə universitetin Tədris Terapevtik Klinikasında Əməkdar elm xadimi, professor Əhməd Əlibaba oğlu Abasquliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən universitetin rektoru, professor Gəray Gəraybəyli Əhməd Abasquliyevin psixiatriya sahəsində doktorluq dissertasiyası müdafiə etmiş və professor adı almış ilk azərbaycanlı alim olduğunu deyib. Onun psixiatriya elminə verdiyi töhfələrdən danışan rektor görkəmli alim haqqında xatirələrini də bölüşüb. Rektor yüksək insani keyfiyyətlərə malik Ə.Abasquliyevin əziz xatirəsinin daim qəlblərdə yaşayacağını və onun psixiatriya elminin inkişafı naminə gördüyü işlərin unudulmayacağını bildirib.

Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, Tibb Universitetinin psixiatriya kafedrasının professoru Nadir İsmayılov Əhməd Abasquliyevin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib: “Əhməd Abasquliyev 30 ildən çox Azərbaycan psixiatriyasına rəhbərlik edib. Onun yaxından iştirakı ilə Azərbaycanın bir neçə rayon və şəhərində psixonevroloji dispanser və xəstəxanalar təşkil olunub. Görkəmli alimin rəhbərliyi ilə 3 nəfər tibb elmləri doktoru, 8 nəfər isə tibb elmləri namizədi dərəcəsi alıb. Dörd monoqrafiya və 150-dən çox elmi əsərin müəllifidir”.

Sonra Əməkdar elm xadimi haqqında fotossesiya nümayiş etdirilib.

Respublikanın baş psixiatrı, professor Teymur Qafarov, tibb elmləri doktoru, professor Nadir Əliyev, tibb üzrə fəlsəfə doktoru, Əməkdar həkim Mayıl Tağıyev, Əməkdar həkim Mövsüm Cəfərov görkəmli alim haqqında xatirələrini bölüşüb, onun əziz xatirəsinin unudulmayacağını qeyd ediblər. Əhməd Abasquliyevin nəvəsi Zaur Əhmədzadə çıxış edərək göstərilən diqqətə görə universitet rəhbərliyinə, tədbir təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.