CƏMİYYƏT
Azərbaycan Tibb Universitetində yanğından mühafizə qaydalarına həsr olunmuş tədbir keçirilib
Bakı, 7 avqust, AZƏRTAC
Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında yanğından mühafizə qaydalarına həsr olunmuş tədbir keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları klinikanın direktoru, professor Hüseyn Qabulovla görüşüb, əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Sonra FHN-in Dövlət Yanğından Mühafizə xidmətinin əməkdaşı Nizami Fərəcov yanğından mühafizə qaydaları ilə bağlı klinikanın həkim və texniki heyətinə məlumat verib, tədbirin aktuallığını vurğulayıb.
N.Fərəcov deyib: “Baş vermiş yanğın hadisələrinin təhlilindən bəlli olur ki, onların cəmi 4-5 faizi təbii faktorlarla bağlıdır. Yanğınların baş verməsində əsasən insan amili dayanır. Buna görə də demək olar ki, hər gün respublikamızda orta hesabla 5-6 yanğın hadisəsi baş verir. Yanğınların 70 faizi yaşayış sektorunda qeydə alınıb. İkinci yerdə isə nəqliyyat sahəsi dayanır. Elektrik qurğularının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması da əsas səbəblərdən biridir. Buna görə də qeyri standart elektrik cihazlarından istifadə etmək, elektrik cihazlarını işlək vəziyyətdə nəzarətsiz qoymaq yanğın törədən amillərdir. Onu da qeyd edim ki, keçən il baş verən 120 yanğın hadisəsinin əsas səbəbi siqaretdən qaynaqlanıb”.