CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti unikal əməliyyat həyata keçirilib

Bakı, 6 iyul, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti unikal əməliyyat həyata keçirilib. III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Fariz Camalovun rəhbərliyi ilə icra olunan əməliyyat zamanı xəstədən böyük ölçüdə bədxassəli şiş xaric olunub.

Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.

Professorun sözlərinə görə, 57 yaşlı Xəzri Bədəlov sol qabırğaaltı, sol bel və qasıq nahiyəsində kəskin ağrıların olması şikayəti ilə klinikaya müraciət edib: “Xəstə klinik laborator müayinədən keçən zaman onun sol tərəfində repropertonal sahəni, dalağı, sol böyrəyi, böyrəküstü vəzini, yoğun bağırsağın dalaq əyriliyini, köndələn və enən çəmbər bağırsağını, mədəaltı vəzin quyruğunu əhatə edən böyük bir limfosarkoma bədxassəli şişin olduğu məlum oldu. Bundan başqa onun öd kisəsində müxtəlifölçülü daşlar da aşkarlandı. Xəstəliyin ağırlıq vəziyyəti nəzərə alındı və qısa zamanda əməliyyata hazırlıqdan sonra o, ümumi endotraxial narkoz altında əməliyyat olundu. Xəstədən blokla dalaq, sol böyrək, sol böyrəküstü vəzi, mədəaltı vəzin quyruq hissəsi, köndələn və enən çəmbər bağırsaq, dalaq, yoğun bağırsağın dalaq əyriliyi və öd kisəsi əməliyyatla götürüldü”.

Professor, belə xəstələrdə yoğun bağırsağın dəridən bayıra çıxarıldığını və buna da tibdə “anus pretur naturalis” deyildiyini qeyd edib: “Bu yolla xəstə özünün izafi ehtiyaclarını ödəməli olur. Əməliyyatın unikallığı da elə ondan ibarətdir ki, bu addım atılmadan törəmə xəstədən xaric edildi və serkulyar stepler ilə birmomentli kolo-koloanastomoz yoğun bağırsağa calandı. Əməliyyatdan sonra xəstənin təzyiqi kəskin şəkildə aşağı düşdü. Aparılan anestoloji, reanimotoloji və digər lazımi tədbirlərə əsasən xəstədə qan təzyiqinin və qanın digər göstəricilərini normaya sala bildik".

Xəstənin 4 gün klinik şəraitdə müalicədən sonra yaxşılaşma ilə evə yazıldığını bildirən professor onun vəziyyətinin hazırda qənaətbəxş olduğunu qeyd edib: “Xəstə mütəmadi nəzarətimiz altındadır. Histoloji müayinənin nəticələri onu göstərdi ki, onda qeyd olunan orqanlarda pritunarxası sahənin limfosarkoması mövcud olub. Sonrakı dövrlər xəstə kimyəvi dərman preparatları ilə müalicə olunacaq”.

Qeyd edək ki, həmin əməliyyatın assistentləri Aydın Əliyev və Azər Qasımov olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.