CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin cərrahı beynəlxalq patent alıb

Bakı, 15 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin I cərrahi xəstəliklər kafedrasının əməkdaşı, Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru Tariyel Ömərov bariatrik metabolik cərrahiyyədə növbəti uğuru ilə bir ilkə imza atıb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun mədəkiçiltmə əməliyyatlarında icad etdiyi yeni bir modifikasiyası artıq beynəlxalq aləmdə təsdiqini tapıb və tanınmış cərrah bu yeniliyinə görə patent də alıb.

Avrasiya Patent Təşkilatı (Euroasian Patent Organization) Tariyel Ömərova laparoskopik bariatrik cərrahiyyə əməliyyatları zamanı tətbiq etdiyi yeni modifikasiyanın patentini təqdim edib. Artıq bariatrik metabolik cərrahiyyənin yeni bir modifikasiyası sırf azərbaycanlı cərrahın adı ilə bağlıdır.

Azərbaycan Bariatrik-Metabolik Cərrahlar Assosiasiyasının sədri bildirib ki, bu üsulun yaradılması üzərində 2013-2017-ci illərdə işləyib: “Elə 2017-ci ildə də bu metodla bağlı patent alınması üçün Avrasiya Patent Təşkilatına müraciət etdik. Sevinc və qürur hissi ilə bildirmək istəyirəm ki, uzun və əziyyətli bir yoldan sonra artıq patentimizi almışıq. 037681 saylı patentdə bariatrik cərrahiyyədə yeni üsulun müəllifi olduğum vurğulanır. Qürurluyam ki, beynəlxalq tibb arenasında bariatrik metabolik cərrahiyyə ilə bağlı daha bir ilk addım ölkəmizə məxsusdur”.

Cərrah bu yolda ona dəstək olan, köməyini əsirgəməyən hər kəsə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.