CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin həkim-psixiatrının məqaləsi ABŞ-da dərc olunan elmi kitabda yer alıb
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti, həkim-psixiatr İkram Rüstəmovun məqaləsi ABŞ-da dərc olunan elmi kitabda yer alıb.
Bu barədə AZƏRTAC-a universitetin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Laurie J.Glader və Richard D.Stevenson tərəfindən təqdim olunan “Serebral iflicli uşaq və gənclər: Qulluq və idarəetmə” kitabında dünyanın müxtəlif ölkələrindən olan uşaq psixiatriyası sahəsində tanınmış mütəxəssislərin məqalələri dərc olunub. Britaniyanın “Mac Keith Press” nəşriyyat evi tərəfindən təqdim olunan kitabda serebral iflici olan uşaqlarda rast gəlinən digər xəstəliklərin idarə olunması barədə söhbət açılır. Kitab bu sahədə fəaliyyət göstərən həkimlər, həm də serebral iflic xəstəsi uşaqların valideynləri üçün praktiki vəsait hesab olunur. Burada serebral iflic xəstələrinə qulluq üçün lazım olan məsələlərdən söz açılıb. Kitabın hər bölümündə məqalələrin rezyumesi yer alıb.
Bu kitabda azərbaycanlı mütəxəssis İkram Rüstəmovun da “Serebral iflicli uşaq və yeniyetmələrin psixi sağlamlığı” mövzusunda məqaləsi dərc olunub.
Qeyd edək ki, İkram Rüstəmov uşaq psixiatriyası sahəsində tanınmış mütəxəssislərdəndir. O, İstanbul Universitetinin Cərrahpaşa Tibb fakültəsində oxuyub. Daha sonra psixiatriya və uşaq nevrologiyası üzrə rezidentura təhsili alıb. 2004-cü ildə Cərrahpaşa Tibb Fakültəsində həkim-psixiatr kimi çalışıb, daha sonra İstanbulda özəl həkimlik fəaliyyəti ilə məşğul olub. 2010-2011-ci illərdə Mərkəzi Klinik Xəstəxanada, 2012-ci ildən isə Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında çalışır. Hazırda Tədris Terapevtik Klinikasında həkim-psixiatrdır.
Tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov Harvard Universiteti Boston Uşaq Xəstəxanasının inkişaf xəstəlikləri departamentinin elmi işçisidir. 10-a yaxın elmi işin müəllifidir. Harvard Universitetinin İctimai Sağlamlıq Fakültəsində biostatistik, epidemiologiya və elmi tədqiqatların etik aparılma prinsipləri ilə əlaqəli kurslar keçib.
“Mac Keith Press”in oxucuları əsasən sinir sistemi sahəsində fəaliyyət göstərən həkimlər, pediatr və cərrahlardır. Bu şirkətin hazırladığı nəşrlər sosial işçilər, pedaqoqlar, həmçinin serebral iflicli uşaq olan ailələr üçün əhəmiyyətlidir. Həmin nəşriyyat evinə uşaq nevrologiyasına aid jurnal da nəşr olunur.