CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin həkimləri daha bir uğurlu əməliyyat icra ediblər. Belə ki, 40 yaşlı xəstənin döş boşluğundakı sinir mənşəli törəmə endoskopik üsulla xaric edilib.
Universitetin Tədris Cərrahiyyə Klinikasının döş qəfəsi (torakal) cərrahı Arif Ağayev AZƏRTAC-a bildirib ki, bu əməliyyat mürəkkəbliyi və çətinliyi ilə seçilirdi. Tətbiq olunan əməliyyat üsulu, yəni qapalı üsul dünyanın çox az müəssisələrində icra olunur: “Endoskopik əməliyyatların icrası digərlərindən fərqli olaraq daha həssas yanaşma tələb edir. Ona görə də cərrahlar texniki çətinliklərlə qarşılaşırlar. Bununla yanaşı, şiş təhlükəli sahədə - damar və sinirlərin üzərində idi. Buna görə də hər an qanama təhlükəsi ilə üzləşə bilərdik. Həmçinin əməliyyatdan sonra nevroloji problemlərin yaranması riski də ola bilir. Həmin cərrahi əməliyyat üç saat davam etdi və uğurla yekunlaşdı”.
“Əməliyyat olunan pasiyent bizə müraciət etməzdən əvvəl bir neçə mütəxəssislə görüşüb. Həmin müəssisələrdə xəstəyə açıq üsulla əməliyyat təklif olunub. Lakin o əməliyyatın qapalı üsulla aparılmasını istədiyi üçün başqa həkimlərə də müraciət etməyi qərara alıb. Bizə müraciət edəndə əməliyyatın qapalı olmasının mümkünlüyünü bildirdik. Bəzən məsləkdaşlarımız bu kimi mürəkkəb cərrahi əməliyyatların icrasının xarici ölkələrdə etdirilməsini tövsiyə edirlər. Ancaq qeyd etmək istəyirəm ki, təcrübə və müasir texnologiyaların tətbiqi ilə bu kimi riskli cərrahi əməliyyatların icrası və risklərin minimuma endirilməsi ölkəmizdə də mümkündür”, - deyə mütəxəssis qeyd edib.
Torakal cərrah gənc olmasına baxmayaraq, təcrübəsi, xaricdə aldığı təhsil və iştirak etdiyi elmi-praktik seminarlar sayəsində öz sahəsinin mütəxəssisi adını doğruldur. Tibb elmləri namizədi olan Arif Ağayev etdiyi bu və ya buna bənzər digər riskli və eyni zamanda, uğurlu əməliyyatlarla Azərbaycan səhiyyəsində yeni ümidverici yol açır. Arif Ağayev ölkəmizdə torakal cərrahiyyə sahəsində bir sıra ilklərin də müəllifidir