CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin müəllimləri ukraynalı həmkarları ilə görüşüblər
Bakı, 8 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Web of Science platformasının tibb və biologiya sahəsində çalışan mütəxəssislər üçün imkanları” mövzusunda seminar keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda iştirak etmək üçün Bakıya gələn Ukrayna Milli Elmlər Akademiyası Molekulyar Biologiya və Genetika İnstitutunun əməkdaşı, biologiya elmləri namizədi İrina Tixonkova bir neçə tədris müəssisəsində, o cümlədən Tibb Universitetində olub, seminar iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, 2015-ci il dekabrın 22-də Azərbaycan Respublikasının Təhsil Nazirliyi (TN) və dünyanın ən tanınmış elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, Azərbaycanın 100 müəssisəsi TN-nin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Web of Science®” platformasına, eləcə də şirkətin əsas məhsulu olan “Thomson Reuters İnCites™” bazasına tam çıxış əldə ediblər. Bu, dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək fürsəti verən elmi tədqiqatların qiymətləndirməsinə imkan verir.
Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur. Burada dünyanın 18000 ən yaxşı nəşrləri, konfrans materialları, monoqrafiyalar, patentlər indeksləşdirilib.