CƏMİYYƏT
Azərbaycan Tibb Universitetinin nümayəndələri beynəlxalq konqreslərdə iştirak ediblər
Bakı, 24 aprel, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin nümayəndələri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən iki beynəlxalq tədbirdə iştirak ediblər.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ali təhsil ocağının ümumi və toksikoloji kimya kafedrasının müdiri professor Eldar Qarayev və assistent Kəmalə Bədəlova “Nanotexnologiyalar üzrə 6-cı Qlobal Konqres və Sərgi (GNCE-2019)” və “Xərçəng tədqiqatları və terapiyası üzrə 6-cı Ümumdünya Sammiti”ndə (“WSCRT-2019”) iştirak ediblər.
K.Bədəlova “Nanotexnologiyalar üzrə 6-cı Qlobal Konqres və Sərgi (GNCE-2019)” nin moderatoru olaraq konqresin açılışını edib. Konqresin sona qədər idarəçiliyi həmyerlimizə tapşırılıb.
Eyni zamanda, o, “Sidikdə titanium dioksid (TiO2) nanohisəciklərinin təyini” mövzusunda məruzə edib.
Bundan əlavə, E.Qarayev və assistent K.Bədəlova “Morus Alba L. bitkisindən (ağ tut) xərçəng əleyhinə maddənin alınması və identifikasiyası” mövzusunda poster məruzə nümayiş etdiriblər. Bu tədqiqat işi Almaniyadan olan Neukirçen xüsusi klinikasının doktoru Con İoneskunun marağına səbəb olub və gələcək əməkdaşlıq barəsində ilkin razılıq əldə edilib.
Qeyd edək ki, keçirilmiş konqres və sammitdə dünyanın 15 ölkəsinin - Almaniya, İtaliya, Yaponiya, ABŞ, Meksika, İraq, Misir, Malayziya, Afrika dövlətləri, Çin, Sinqapur, Şimali Koreya və digərlərinin aparıcı elmi mərkəzlərindən və ali təhsil ocağından alimlər iştirak edib və öz elmi-tədqiqat işlərinin nəticələri haqqında maraqlı məlumatlar veriblər.