CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə 243 xarici vətəndaş qəbul olunub

Bakı, 13 sentyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetində (ATU) fakültə rəhbərlərinin 1-ci kurs tələbələri ilə silsilə görüşləri keçirilir. İlk belə görüş stomatologiya fakültəsinin dekanlıq nümayəndələrinin iştirakı ilə baş tutub.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il Tibb Universitetinin stomatologiya fakültəsinə qəbul olmuş tələbələr və onların valideynləri ilə görüşdə universitetin tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev qəbul olan gəncləri təbrik edib.

Professor deyib: “Həkimlik, insanların sağlamlığını qorumaq çox vacib və əhəmiyyətli seçimdir. Bu sahədə stomatoloqların xüsusi yeri var. Tibb Universitetinin stomatologiya fakültəsində sizin nəzəri və praktik biliklərə yiyələnməniz üçün hər cür şərait yaradılıb. Savadlı müəllimlərimiz, hər cür yeni avadanlıqlarla təchiz olunmuş auditoriyalarımız var. İnanıram ki, hər birinizə lazımi bilikləri qazanmağa kömək edə biləcəyik”.

Professor S.Əliyev, həmçinin xarici tələbələr arasında ATU-nun məhz stomatologiya fakültəsini seçənlərin çoxluq təşkil etdiyini vurğulayıb.

Görüşdə fakültə dekanı, professor Zöhrab Qarayev tələbələrə ATU-dakı tədris prosesi, imtahanlar, dərslərin aparılması, həmçinin nizam-intizam qaydaları haqqında geniş məlumat verib.

Professor deyib: “Stomatologiya fakültəsində həkim-stomatoloq ixtisasları üzrə kadrlar hazırlanır. Tələbələrə təbabətin təməl fənləri ilə yanaşı, stomatoloji fənlər-stomatoloji xəstəliklərin profilaktikası, terapevtik stomatologiya, ağız və üz-çənə cərrahiyyəsi, ortopedik stomatologiya, uşaq stomatologiyası, ortodontiya tədris olunur”. Dekan, həmçinin klinikada yaradılan bacarıq otaqlarından da söz açaraq, tələbələrin müasir stomatoloji qurğularla təchiz edilmiş kabinetlərdə təcrübə dərsləri keçdiyini və praktiki vərdişlər əldə etdiyini, müxtəlif əməliyyatların yerinə yetirilməsində iştirak etdiklərini qeyd edib.

Sonra tələblərin sualları cavablandırılıb.

Qeyd edək ki, bu il ATU-nun stomatologiya fakültəsinə 97 azərbaycanlı və 243 xarici vətəndaş qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.