CƏMİYYƏT


Azərbaycan Tibb Universitetinin tələbəsi ABŞ-ın Lyuisvill Universitetinin proqramında iştirak edib

Bakı, 12 sentyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) tələbəsi ilk dəfə olaraq ABŞ-ın Lyuisvill Universitetinin “Externship in Graduate Periodontics” proqramında iştirak edib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, proqrama ilk dəfə olaraq təhsilini bitirməyən tələbəni qəbul ediblər.

Proqramın iştirakçısı olan universitetin stomatologiya fakültəsinin IV kurs tələbəsi Can Barutun sözlərinə görə, Lyuisvill Universitetinin tarixində birinci hadisədir ki, həmin proqrama stomatologiya üzrə tələbə qəbul olunub.

“Bu proqram Amerika və Kanadada minirezidentura kimi qəbul edilir. Normalda onu keçmək üçün universiteti bitirmək lazımdır ki, əməliyyatlarda iştirak etməyə icazə verilsin. Lakin nadir hallarda tələbənin proqrama olan marağı, elmi bilik səviyyəsi, ingilis dil bacarıqları və digər şərtlər nəzərə alınaraq iştirakına icazə verilir. Həmin proqramda Meksika, İtaliya, İspaniya, Kanada, ABŞ-dan olan həkimlər iştirak edirdilər. Azərbaycanı və Tibb Universitetini orada tanıtmaq çox qürurverici idi”.

Azərbaycan Tibb Universitetinin tələbəsinin uğurları “Externship in Graduate Periodontics” proqramının direktoru tərəfindən yüksək qiymətləndirilib.

Proqram Lyuisvill Universitetinin stomatologiya fakültəsinin paradontologiya sahəsində rezidentura şöbəsinin müdiri professor Henri Qrinvilin rəhbərliyi altında keçirilib. Professor H.Qrinvil Amerikan Paradontologiya Təşkilatının ömürlük fəxri üzvüdür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.