MƏDƏNİYYƏT
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası turizm şirkətlərinin lisenziyalaşdırılmasına başlamağı təklif edir
Bakı, 12 may, AZƏRTAC
Dövlət başçısının Sərəncamı ilə 2015-ci ildə xüsusi icazələrin, yəni lisenziyaların ləğv edilməsi həmin dövr üçün olduqca vacib bir qərar olub.
Çünki turizm sənayenin formalaşmasına, yeni şirkətlərin yaradılmasına çox ciddi ehtiyac duyulurdu. Bu qərarın verilməsi özünü doğrultdu. Son 5 il ərzində Azərbaycanda kifayət qədər turizm şirkəti formalaşdı. Bu gün artıq onların sayı 4 mini ötüb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev söyləyib.
Bildirib ki, kəmiyyət artımı ilə yanaşı, keyfiyyət artımına da şəraitin yaradılması vacib amildir. Təəssüflə qeyd etməliyik ki, bu gün heç də bütün turizm şirkətləri tələb olunan keyfiyyət standartlarına cavab vermir. Bu da turizm sənayesi üçün çox ciddi problemlərə yol açır. “Son dövrlərdə assosiasiyaya turizm şirkətlərinin fəaliyyəti ilə bağlı kifayət qədər şikayətlər daxil olurdu. Vətəndaşlar, turizm şirkətlərinin üzərinə götürdükləri öhdəliklər və xidmətləri yerinə yetirə bilmədikləri üçün narazılıqlar edirdilər. Bunun nəticəsində də ölkədə yalnız həmin turizm şirkətləri ilə bağlı deyil, digər aparıcı turizm şirkətlərinin nüfuzu da ciddi zərbə görürdü və turizm şirkətlərinə qarşı böyük inamsızlıq yaranırdı.
Assosiasiya olaraq hesab edirik ki artıq turizm şirkətləri yenidən lisenziyalaşma prosesinə keçid etməlidir ki, bu proseslər müəyyən mənada tənzimlənsin. Qurumun əldə etdiyi məlumata görə, turizm haqqında qanunda da bununla bağlı müddəalar öz əksini tapıb. Düşünürük ki, yaxın zamanlarda yenidən lisenziyalaşma prosesinə başlamağa ehtiyac var. Müəyyən keyfiyyət standartlarının tətbiqinə ehtiyac var. Hesab edirik ki, əgər ölkədə turizm agentliklərinin fəaliyyətində xidmət keyfiyyətlərini artırsaq, bu sahədə proseslər müəyyən qədər tənzimlənəcək”, - deyə R.Hacıyev bildirib.