MƏDƏNİYYƏT
Azərbaycan Turizm Assosiasiyası və Esvatini Krallığının Turizm Təşkilatı əməkdaşlıq haqqında memorandum imzalayıblar
Bakı, 31 oktyabr, AZƏRTAC
Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü çərçivəsində Azərbaycan Turizm Assosiasiyası və Esvatini Krallığının Turizm Təşkilatı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu AZTA rəhbəri Nahid Bağırov və Esvatini Turizm Təşkilatının rəhbəri xanın Lindia Nxumalo imzalayıblar.
Anlaşma memorandumunun əsas məqsədi iki qurum arasında əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı turizm axınının təmin olunması, eləcə də Afrikanın azərbaycanlı turistlər tərəfindən kəşf edilməsidir. Memorandum, həmçinin AZTA-nın turizm təbliğatı təcrübəsinin Esvatini Turizm Təşkilatının mütəxəssisləri ilə bölüşməsini nəzərdə tutur.
İmzalanma mərasimində, həmçinin Esvatininin İctimai xidmət naziri Kristian Ntshanqase, Ticarət naziri, senator Manqoba Khumalo, İnvestisiyaların Təşviqi Təşkilatının nümayəndələri Sibahi Mnqomezulu, Martin Masilela və digərləri iştirak ediblər.