MƏDƏNİYYƏT
Azərbaycan Turizm Assosiasiyasının nəzdində aviaşirkətlərlə iş üzrə xüsusi komitə yaradılır
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) nəqliyyat məsələləri üzrə komitəsinin növbəti iclası keçirilib.
AzTA-dan AZƏRTAC-a bildirilib ki, iclasda AzTA idarə heyətinin üzvləri, o cümlədən assosiasiyanın sədri Nahid Bağırov, “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev, eləcə də “Turkish Airlines”, “Ethihad Airlines”, “Qatar Airways”, “Air Astana” şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasda assosiasiyanın nəzdində yeni aviaşirkətlərlə iş üzrə xüsusi komitənin yaradılması qərara alınıb. Görüşdə iştirak edən aviaşirkətlərin nümayəndələri AzTA-ya üzv olmaq təşəbbüsü ilə də çıxış ediblər. Tərəflər arasında ilkin razılaşma əldə olunduğu üçün yaxın zamanlarda aviaşirkətlərin üzvlük prosesinin rəsmiləşdirilməsi prosesi həyata keçiriləcək.