MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunda elektron turist informasiya sisteminin təqdimatı olmuşdur
Bakı, 19 oktyabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutunda (ATİ) “Turizmdə geoinformasiya sisteminin tətbiqi və regional turizmin inkişafı” layihəsi çərçivəsində GOMAP.AZ sisteminə qoşulacaq Simens-Gədəbəy marşrutu elektron turist informasiya sisteminin təqdimatı keçirilmişdir.
ATİ-dən AZƏRTAC-a bildirmişlər ki, Almaniyanın Jade Universitetinin alim və tələbələrinin iştirak etdikləri tədbirdə bu ali təhsil ocağının prorektoru Eldar Aslanov universitetlər arasındakı mövcud əlaqələrin inkişafından, həmçinin layihənin əhəmiyyətindən danışmışdır.
E.Aslanov diqqətə çatdırmışdır ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Simens qardaşlarının məhz Gədəbəy rayonundakı mis mədənlərini sənaye üsulu ilə istismarından ötrü dörd körpüdən dəmir yol xətti kimi istifadə etmişlər. Zaman keçdikcə bu tarixi abidələr eroziyaya uğramış, mövcud funksiyalarını, eləcə də görünüşlərini qoruyub saxlaya bilməmişlər. Ötən əsrlərdə alman sənayesinin inkişafında özünəməxsusluğu ilə seçilən Gədəbəy mis mədəni tarixi-inzibati binasının və dörd körpünün GOMAP.AZ sisteminə cəlb olunması, 3D modelinin yaradılması Azərbaycanın bu bölgəsində turizm potensialının geniş təbliği, eləcə də alman turistlərin Gədəbəy regionuna cəlb edilməsi üçün mühüm vasitə sayıla bilər.
Təqdimat mərasimində geoinformasiya və turizm mütəxəssisləri ilə birlikdə beynəlxalq yay məktəbinin təşkili məsələləri də müzakirə olunmuşdur.