MƏDƏNİYYƏT
Azərbaycan Turizm İnstitutunun əməkdaşı Bolqarıstanda keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir
Bakı, 6 iyun (AZƏRTAC). Bolqarıstanın Ruse şəhərindəki eyniadlı universitetdə “Erasmus Mundus Action2, Strand1- Cənubi Qafqaz ölkələri üçün Lot6” layihəsi çərçivəsində növbəti Beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Turizm İnstitutundan (ATİ) AZƏRTAC-a bildirmişlər ki, konfransda ölkəmizi ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlı, Xəzər Universitetindən Aytən Şadlinskaya, Gəncə Dövlət Universitetindən isə Nadir İbadov təmsil etmişlər.
Tədbirdə, həmçinin Yunanıstan, Bolqarıstan, Gürcüstan, Latviya, İtaliya, Birləşmiş Krallıq, Portuqaliya və digər ölkələrdən olan alim və mütəxəssislər də iştirak etmişlər.
ATİ-nin əməkdaşı Vüsalə Qəhrəmanlının proqram tərəfdaşları ilə mümkün müştərək dərəcə proqramı mövzusunda çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.
Müzakirələr zamanı əsasən uzaq məsafədən təhsil, üstünlük mərkəzlərinin, müştərək dərəcə proqramlarının, həmçinin tədqiqatçılar üçün elektron şəbəkənin yaradılması mövzularında çıxışlar olmuş, bu sahədə əməkdaşlıq çərçivəsində mümkün ideyaların reallaşması günün tələbi kimi irəli sürülmüşdür.