ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universiteti Dövlət Turizm Agentliyi ilə birgə tədqiqatlar aparacaq
Bakı, 6 noyabr, AZƏRTAC
Yaxşı ali məktəb təkcə keyfiyyətli təhsil imkanı, güclü maddi-texniki bazası və kadr potensialının formalaşması ilə deyil, eyni zamanda, müvafiq istiqamətli elmi tədqiqatlara meydan açması sayəsində tanınır. Bu gün ali təhsil müəssisəsi modern olmalı, inkişafa təkan verməlidir.
Bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Dövlət Turizm Agentliyinin (DTA) nümayəndələri ilə keçirilən görüşdə rektor İlham Mədətov söyləyib.
ATMU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə əməkdaşlıq çərçivəsində müştərək tədqiqatların icrasına başlanılması qərara alınıb.
DTA-nın turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov mümkün əməkdaşlığın istiqamətləri və formatı barədə məlumat verib. Bildirib ki, ATMU-nun tədqiqatçıları Azərbaycanın regionlarının turizm potensialı və inkişaf istiqamətləri ilə bağlı, habelə beynəlxalq təcrübəni araşdıran siyasət sənədlərinin və sahəvi qiymətləndirmə hesabatlarının yazılmasında iştirak edə bilərlər.
Turizm Agentliyinin ATMU-nun elmi-tədqiqat potensialının inkişaf etdirilməsində maraqlı olduğunu deyən Məhəmməd Muradov, universitetin tədqiqat standartlarının yüksəldilməsi, tədqiqatçıların bilik və bacarıqlarının artırılması üçün onların bazar əsaslı tədqiqat sifarişlərinin həyata keçirilməsinə cəlb edilməsinin vacibliyini vurğulayıb.
Sonra universitetin elmi tədqiqatçıları DTA nümayəndələrinə öz tədqiqatları barədə məlumat veriblər. Bildirilib ki, ATMU-nun elmi kadrları, müəllim-tələbə heyəti məlumatların toplanması və təhlili, tədqiqatların hazırlanması, onların xarici dillərə tərcümə edilməsi və bir sıra digər sahələrdə DTA-nın fəaliyyətinə töhfə verə bilər.
Görüşdə ATMU-nun elmi tədqiqatçılarının ixtisaslaşdıqları tədqiqat sahələri üzrə məlumat bazasının yaradılması və gələcəkdə DTA tərəfindən elan ediləcək tədqiqat sifarişlərinə müraciət mexanizmlərinin hazırlanması qərara alınıb. Həmçinin universitetdə elmi müzakirə mühitinin dəstəklənməsi məqsədilə DTA tərəfindən həyata keçirilən tədqiqatların ATMU-da müzakirələrinin təşkil edilməsi qeyd olunub.