ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universiteti beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirir
Bakı, 20 avqust, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) ilə Avropa Elm İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, ATMU nümayəndələrinin 2021–ci ilin sentyabrından təşkilatın müxtəlif layihələrində iştirakı gözlənilir. Bu beynəlxalq təşkilat Avropada təhsil və elm sahəsində fəaliyyət göstərən ən gənc təşkilatlardan biri sayılır. On ildən çoxdur Avropanın və eləcə də dünyanın fərqli ölkələrində fəaliyyət göstərən ali təhsil müəssisələrini üzv olaraq bir araya gətirən beynəlxalq təşkilat öz fəaliyyətini 2 əsas istiqamətdə - gənc alim və araşdırmaçıların tədqiqat layihələrinə cəlb edilməsi və gənclərin doktoranturadan sonrakı təhsil imkanlarının genişləndirilməsi sahəsində davam etdirir.