ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində TEMPUS proqramı üzrə təlimlər başa çatıb
Bakı, 18 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) modern ali təhsili hədəf seçən, Avropa Şurası tərəfindən maliyyələşən TEMPUS proqramı üzrə layihələrdə iştirak hüququ qazanan tədris ocaqlarından biri kimi tanınır. TEMPUS proqramının ATMU-da keçirilən beşinci mərhələsi “Davamlı turizmin menecmenti sahəsində beynəlxalq bakalavr və magistr proqramları üçün yeni modulların hazırlanması” layihəsi çərçivəsində “Müəllimlərə təlim” adı altında təşkil olunub.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, bu məqsədlə Azərbaycana səfərə gələn nümayəndə heyətinin tərkibinə Almaniyanın Vorms Universitetinin vitse-prezidenti Knut Şerhaq, Yade Tətbiqi Elmlər Universitetinin (TEU) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Andrea Men, həmin universitetin TEMPUS layihəsi üzrə meneceri Gila Altman, TEMPUS və beynəlxalq əlaqələr üzrə köməkçisi İlze Peksa daxil idilər.
ATMU-nun rektoru tarix elmləri doktoru, professor Cəfər Cəfərovun və almaniyalı mütəxəssislərin iştirakı ilə keçirilən “dəyirmi masa”da Azərbaycan Turizm və Menecment Universiteti ilə Yade Tətbiqi Elmlər Universiteti arasındakı ikitərəfli münasibətlər və inkişaf perspektivləri müzakirə olunub. Layihənin şərtlərinə uyğun olaraq Almaniyanın tərəfdaş universitetlərinin nümayəndələri ATMU-da bir sıra ixtisaslar üzrə dərs deyən müəllim və mütəxəssislər üçün Modul 1 (Destinasiya menecmenti), Modul 5 (Praktika üzrə yerləşdirmə), Modul 8 (Mədəniyyətlərarası ünsiyyət və menecment) üzrə xüsusi təlim saatları təşkil ediblər. Hər iki ali təhsil ocağı əməkdaşlarının birlikdə apardıqları müsahibə nəticəsində ATMU-nun iki tələbəsi 2015/2016-cı tədris ilinin qış semestrini Yade TEU-da oxumaq imkanı qazanıb.
Layihə çərçivəsində keçirilən təlimlər ATMU və Yade TEU arasındakı səmərəli və faydalı əməkdaşlığın beşinci ilinin uğurlu yekununa həsr olunan tədbirlə başa çatıb.