ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində beynəlxalq onlayn dəyirmi masa təşkil olunub

Bakı, 26 fevral, AZƏRTAC 

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Marketinq kafedrasının təşkilatçılığı ilə “Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusunda beynəlxalq onlayn dəyirmi masa keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ali məktəbin elm və inkişaf məsələləri üzrə prorektoru, professor İrana Əliyeva ixtisaslı və peşəkar kadr potensialının yaradılmasını hədəfləyən ATMU-nun da xarici əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib.

İ.Əliyeva ATMU-nun tədbirlər planına əsasən marketinq kafedrasının təşkilatçılığı ilə universitet əməkdaşlarının Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin direktor müavini, professor Elşad Məmmədov, Bakı Mühəndislik Universitetinin prorektoru, dosent Elçin Süleymanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fərhad Rəhmanovla tərəf-müqabili olduqlarını deyib.

Qeyd edib ki, eyni anda Estoniya, Moldova, Ukrayna, Bolqarıstan və Rumıniyanın universitetləri ilə canlı bağlantıdan faydalanıb görüşmək və əlaqələr yaratmaq ideyası ATMU tərəfindən daha bir ilkə imza atılması deməkdir. Bu görüş tələbə və müəllim mübadiləsinə, faydalılıq əmsalı yüksək dəyərləndirilən təcrübənin tətbiqinə təkan verəcək.

Rumıniyanın “ARTİFEX” Universitetinin rektoru professor Alexandru Manole öz videoçarxında başda ATMU-nun rektoru İlham Mədətov olmaqla universitetin professor-müəllim heyətinə salamlarını çatdırıb. Əlaqələrin daha da genişləndirilməsinə və inkişafına nail olmaq üçün səylərini əsirgəməyəcəyini bildirib, iştirakçılara uğurlar arzulayıb.

Dəyirmi masada UNEC-in Sosial sferanın iqtisadiyyatı və idarə olunması kafedrasının müdiri Əli Əlirzayev “Azərbaycan iqtisadiyyatının inkişafında sosial islahatların əsas istiqamətləri”, UNEC Rus İqtisad Məktəbinin direktor müavini Elşad Məmmədov “Nağdsız dövriyyənin ölkənin iqtisadi artımına təsiri”, professor Fərhad Rəhmanov “Sosial sahibkarlıq: müəssisələrin sosial inkişafı. a) Beynəlxalq təcrübə və Azərbaycan həqiqətləri; b) Özəl müəssisə və onun mövcud vəziyyəti”, ATMU-nun Marketinq kafedrasının müdiri Elmira Qocayeva “Qloballaşma şəraitində Azərbaycan dövlətinin sosial siyasəti: a) müasir vəziyyət; b) problemlər və icra mexanizmi” və digərləri müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

Tədbirdə birbaşa canlı bağlantıya qoşulan Moldova, Rumıniya, Ukrayna və Bolqarıstan universitetlərinin elm adamları tərəfindən qeyri–neft sektorunun prioritet istiqamətlərini ehtiva edən mövzulara həssaslıqla yanaşmaları diqqətdən yayınmayıb. Fikir mübadiləsi şəraitində davam edən canlı bağlantı iştirakçılar tərəfindən razılıqla qarşılanıb.

“Qloballaşma şəraitində iqtisadi artım və sahibkarlığın prioritet istiqamətləri” mövzusunda beynəlxalq onlayn tədbir Azərbaycan, rus və ingilis dillərində təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.