ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetində distant tədris uğurla həyata keçirilir
Bakı, 14 aprel, AZƏRTAC
Ölkəmizdə koronavirusla (COVID-19) əlaqədar dərslərin müvəqqəti dayandırılması səbəbindən Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) təhsil distant (məsafədən) formada həyata keçirilir.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, tədrisin məsafədən təşkilində başlıca məqsəd məlum səbəbdən yaranan fasilə kəsimində tələbələrə tədris və metodiki dəstəyin göstərilməsi, təhsil proqramının mənimsənilməsində lazımı şəraitin yaradılması ilə yanaşı, vaxtdan səmərəli istifadənin təşkil olunmasıdır.
Tədris prosesinin davamlılığını təmin etmək məqsədilə 2020-ci il martın 18-də Təhsil Nazirliyi bütün ali təhsil müəssisələrinə tədris prosesinin məsafədən təşkili ilə bağlı “Microsoft Teams” platformasından istifadəni tövsiyə edib.
Azərbaycan Turizm və Menecment Universitetində də tədris prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, irihəcmli materialların yerləşdirilməsinə imkan verən “Microsoft Teams” platforması vasitəsilə həyata keçirilir. Universitetin akademik və tələbə heyətinin “Microsoft Teams”in çoxfunksiyalılığından istifadə etməsinə dair vidoetəlimatlar hazırlanıb. Ali təhsil müəssisəsinin 1800-ə yaxın aktiv istifadəçisinin yararlandığı platformada bu günədək ümumilikdə 2871 istifadəçinin iştirakı ilə 1221 videogörüş baş tutub.
Tədris prosesinin təşkili, dərslərin keçirilməsinə nəzarət, texniki çətinliklərin aradan qaldırılması, müəllim və tələbələrin bu platformadan düzgün istifadə etməsinə kömək məqsədilə ali məktəbin məsafədən fəaliyyət göstərən fakültələrindən, İnformasiya texnologiyaları, Tədris metodiki, Keyfiyyətin təminatı və akkreditasiya şöbələrinin əməkdaşlarından ibarət işçi qrupu formalaşdırılıb. Distant formada dərslərin əksəriyyətinin videoyazısı həyata keçirilir. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirələri yenidən izləmək imkanı yaradır.