ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində doqquzuncu məzun buraxılışı olub

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 29-da Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) ”Məzun-2018” adlı doqquzuncu buraxılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və başqaları iştirak ediblər.

ATMU-nun rektoru İlham Mədətov rəhbərlik etdiyi ali məktəbdə 11 ixtisas üzrə bakalavriat, magistratura, doktorantura və əlavə bakalavriat təhsili üzrə kadr hazırlığının aparıldığını bildirib. Vurğulanıb ki, bu il ATMU-dan məzun olan 320 nəfərin 45-i magistratura, 275-i bakalavriat pilləsini bitirib. Bununla da ATMU-dan məzun olan gənclərin sayı 189-u magistr olmaqla 2492-yə çatıb.

ATMU-nun builki məzunlarından 19-nun Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin də diplomunu aldığını qeyd edən rektor ümumilikdə universitet məzunlarından 194-nün iki diploma sahib olduğunu bildirib.

Qeyd olunub ki, ölkəmizdə ilk dəfə ATMU-da keçirilməsi nəzərdə tutulan 14-22 həftəlik istehsalat təcrübəsi semestrinin tətbiqi sayəsində tələbələr bu il təkcə Azərbaycanda deyil, eləcə də Türkiyə, İsrail, Çin, Rusiya və Kiprin turizm müəssisələrində təcrübə keçirlər. Hazırda ATMU-nun 103 tələbəsi isə 22 həftəlik istehsalat təcrübəsini uğurla davam etdirir və növbəti ildən tələbələrin İtaliya, Küveyt, Qatar, İsveçrə, Macarıstan, Bolqarıstan və başqa ölkələrdə təcrübə proqramlarına qatılmaları üçün lazımi işlər aparılır. Universitetin yarandığı vaxtdan bu günədək 30 xarici ali məktəb, 34 beynəlxalq təşkilat və şəbəkə ilə əlaqələr qurulub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev vurğulayıb ki, müstəqilliyimizin ilk illərində daha çox neft və qaz sənayesi sahəsində mütəxəssislərə ehtiyac duyulurdusa, Prezident İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi” haqqında Fərmanında qeyd olunan digər prioritet sahələrin, o cümlədən strateji istiqamət kimi turizm sənayesinin inkişafı üzrə ixtisaslı kadrların formalaşdırılmasına xüsusi diqqət yönəldilib. Azərbaycan dövlətinin gənclərdən əsas gözləntisi onların ölkə iqtisadiyyatının inkişafında fəal iştirak etmələridir.

Rəhbərlik etdiyi qurumun fəaliyyətindən, prioritet sahələrdən danışan F.Nağıyev turizm sənayesinin iştirakçılarını mərkəzləşdirilmiş əməkdaşlığa çağırıb.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini Məhərrəm Əhmədov, mədəniyyət nazirinin müşaviri Yaşar Əliyev, Milli Məclisin deputatları Aydın Mirzəzadə, Sevinc Hüseynova, “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin baş icraçı direktoru Karl Ennsfellner və başqaları məzunları təbrik edib, onların ölkəmizdə turizm sahəsinin sürətli inkişafına töhfə verəcəklərinə, Azərbaycana sədaqətlə xidmət göstərəcəklərinə əminliklərini bildiriblər.

Sonra ATMU və Avstriyanın “İMC Krems Tətbiqi Elmlər Universiteti”nin beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub. Həmçinin cari tədris ili üzrə ixtisas, fakültə birincisi olan məzunlara plaketlər, universitet birincisinə ATMU-nun “Tələbə fəxri kitabı” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.