ELM VƏ TƏHSİL


Azərbaycan Turizm və Menecment Universitetində ölkəmizin  neft strategiyası ilə bağlı müzakirələr aparılıb

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri” mövzusunda seminar təşkil olunub.

ATMU-dan AZƏRTAC-a bildiriblər ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşdırılan “Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində regionda və dünya miqyasında təbliğat işlərinin aparılması üçün materialların hazırlanması və KİV-də yerləşdirilməsi” layihəsi çərçivəsində keçirilib.

Mövzunun aktuallığı baxımından seminarın əhəmiyyətini vurğulayan ATMU-nun rektoru İlham Mədətov diqqətə çatdırıb ki, Azərbaycan xalqının təkidli çağırışı ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizin siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoyub. Dünyanın aparıcı dövlətlərinin iştirakı ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb. Dövlətimizin artan maliyyə imkanları hesabına Azərbaycanda mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə imkan yaranıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində və Bakıda müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir.

Tədbirdə iqtisadçı ekspert Vüqar Bayramovun “Əsrin müqaviləsi” və onun Azərbaycan respublikasının müasir həyatında əhəmiyyəti”, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin “Azərbaycanın Avropa və digər dünya ölkələrinin enerji təhlükəsizliyində rolu və onun dünya mətbuatında işıqlanması”, ATMU-nun ictimai fənlər kafedrasının müdiri, Tətbiqi Tədqiqatlar Fondunun sədri İbrahim Əliyevin ”Neft amili və onun Azərbaycanın dünyada maraqlarının təsdiqinə təsiri” mövzularında məruzələri dinlənilib. Çıxışlarda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi neft strategiyasının Azərbaycanın həyatındakı əvəzolunmaz rolundan, onun ölkənin ictimai həyatının müxtəlif sahələrinə göstərdiyi əsaslı təsirdən danışılıb, müxtəlif aspektləri təhlil edilib. Qeyd olunub ki, müstəqillik dövründə ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilən neft strategiyası müasir Azərbaycan dövlətinin hazırkı durumunun təmin edilməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan düzgün iqtisadi inkişaf kursu sayəsində təkcə özünün problemlərini həll etmir, həm də region ölkələrinin dəstəklənməsinə böyük töhfələr verir.

Sonra müzakirələr aparılıb, konkret təkliflər irəli sürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.