ELM VƏ TƏHSİL
Azərbaycan Turizm və Menecment Universitetinin dekanı beynəlxalq konfransda məruzə ilə çıxış edib
Bakı, 31 oktyabr, AZƏRTAC
Qazaxıstanın Türküstan şəhərində “Abidələri qoruyan xalq” mövzusunda dini və dayanıqlı turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilib. Konfrans vilayət Hakimiyyəti, Qazaxıstanın UNESCO və ICESCO üzrə Milli Komissiyası, Beynəlxalq Turizm və Qonaqpərvərlik Universiteti, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazaxıstan-Türkiyə Universiteti, Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutu, “Həzrət Sultan” Dövlət Tarix-Mədəniyyət Qoruğu və İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmaları Mərkəzi tərəfindən təşkil edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Turizm və Menecment Universitetindən məlumat verilib. Bildirilib ki, beynəlxalq konfransın açılış mərasimində UNESCO-nun Almatıdakı Klaster Bürosunun direktor əvəzi Maqnus Maqnusson, TÜRKSOY-un baş katibi Sultan Rayev, Türküstanın vilayət hakimi Darhan Satıbaldı, Beynəlxalq Türk Akademiyasının prezident əvəzi Füzuli Məcidli, Qazaxıstan Prezidenti Administrasiyasının daxili siyasət şöbəsinin müdiri Bolat Tilepov, Özbəkistanın turizm və mədəni irs nazirinin müşaviri Temur Mirzayev və digərləri çıxış ediblər.
Açılış mərasimindən sonra konfrans öz işini bölmələrdə davam etdirib. Konfransın işində Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov da iştirak edib. O, konfransın ikinci iş günündə “Azərbaycanda dini turizm obyektləri” mövzusunda məruzə edib, sonra isə yerli KİV üçün müsahibə verib. Konfransın işində iştirakına görə Bahadur Bilalov Türküstandakı Beynəlxalq Turizm və Qonaqpərvərlik Universitetinin rektoru tərəfindən diplomla təltif edilib.
Konfransın sonunda “Müqəddəs obyektlərdə davamlı turizmin inkişafı” adlı Türküstan Bəyannaməsi qəbul edilib.