SİYASƏT


Azərbaycan Türkiyə İş Adamları Birliyi ölkəmizin ərazi bütövlüyünə yönəlmiş təcavüzü qəti şəkildə pisləyir

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) özünün çoxsaylı üzvləri timsalında son günlərdə baş verən döyüşlərdə Vətənin bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş zabitlərimizə, hərbi qulluqçularımıza və vətəndaşımıza Allahdan rəhmət diləyir, ailələrinə və yaxınlarında dərin hüznlə başsağlığı verir. Yaralanmış əsgərlərimizə Allahdan şəfa və tezliklə sağalaraq Vətənin müdafiəsinə dönmələrini diləyir.

ATİB-dən AZƏRTAC-a bildirilib ki, Birlik Ermənistanın provokativ və Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzünü qəti şəkildə pisləyir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şərəfli Milli Ordusunun bu təcavüzün qarşısının alınmasındakı fəaliyyətini yüksək qiymətləndirir və dəstəkləyir.

Təəssüf ki, beynəlxalq ictimaiyyətin bir çox üzvləri yenə də Ermənistanın açıq-aşkar təcavüzünü qəti şəkildə pisləməməklə yanaşı, özünün torpaqlarını qoruyan, bütün beynəlxalq hüquq normalarına görə haqlı olan Azərbaycanı da Ermənistanla bir sıraya qoymaqla özlərinin əsl xislətlərini göstərirlər. Beynəlxalq hüquq prinsiplərinə zidd olan bu cür mövqeləri qəti şəkildə pisləyir, beynəlxalq ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi üzrə ədalətli mövqe sərgiləməyə çağırırıq.

Bu baxımdan qardaş Türkiyənin nümayiş etdirdiyi ədalətli mövqeni və Azərbaycana verdiyi birmənalı dəstəyi təqdir edir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 14-də verdiyi bəyanatı Vətənlərini sevən bütün Azərbaycan və Türkiyə vətəndaşları kimi yüksək qiymətləndiririk. Bu bir daha göstərdi ki, Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək və Türkiyə bütün imkanları ilə Azərbaycanın yanında olmağa davam edəcək.

ATİB-in Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı və müzəffər ordumuz tərəfindən işğal edilmiş torpaqlarımızın azad ediləcəyinə inamı tamdır və Azərbaycanı, Vətənini sevən hər kəsi Milli Ordumuzun ətrafında sıx birləşməyə dəvət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.