İQTİSADİYYAT
Azərbaycan-Türkiyə-Özbəkistan audit qurumları əməkdaşlıq edəcək
Bakı, 5 may, AZƏRTAC
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Respublikası Sayıştay Başkanlığının prezidenti Seyit Ahmet Baş və Özbəkistan Hesablama Palatası sədrinin birinci müavini Bakhodir Turabovun iştirakı ilə videokonfrans formatında keçirilmiş üçtərəfli toplantıda iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, toplantıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Ali Audit Qurumları Təşkilatı (ECOSAI) çərçivəsində və ikitərəfli səviyyədə qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də kənar dövlət maliyyə nəzarəti fəaliyyətinin gücləndirilməsində əməkdaşlığın zəruriliyi məsələləri müzakirə edilib.
Türkiyə Respublikası Sayıştay Başkanlığının prezidenti Seyit Ahmet Baş ECOSAI təşkilatının gələcək fəaliyyət istiqamətləri, habelə üzv Ali Audit Qurumlarının (AAQ) fəaliyyətindəki bir sıra məqamlara toxunaraq üçtərəfli görüşün önəmini qeyd edib.
Sonra Özbəkistan Hesablama Palatası sədrinin birinci müavini Bakhodir Turabov ölkəsinin AAQ tarixi və fəaliyyəti barədə qısa məlumat verib. O, birgə fəaliyyət ilə AAQ-lar arasındakı əməkdaşlığı yeni səviyyəyə qaldırmağın mümkünlüyündən bəhs edib və əməkdaşlıq haqqında üçtərəfli anlaşma memorandumunun imzalanmasının zərurətini vurğulayıb. Özbəkistan AAQ-ı gələcəkdə bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq standartlar əsasında hazırlanmış metodoloji təlimat və vəsaitlərin öyrənilməsi məqsədilə təlim səfərlərinin təşkil edilməsi və daha sıx görüşlərin keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Vüqar Gülməmmədov ECOSAI təşkilatı nəzdində üzv AAQ-ların əməkdaşlığı, həmçinin Türkiyə Sayıştay Başkanlığı ilə sıx əməkdaşlıq nəticəsində uğurla həyata keçirilmiş son fəaliyyətlərdən danışıb və ECOSAI-ın bu təşəbbüslərdə və fəaliyyətlərdə önəmini qeyd edib.
Toplantı anlaşma memorandumunun imzalanması, habelə yaxın gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müvafiq fəaliyyətlərin görülməsi ilə bağlı müzakirələrlə bitib.