SİYASƏT
Azərbaycan-Türkiyə birgə hərbi təlimi İranın molla rejiminin davranışlarına cavabdır
Bakı, 5 dekabr, AZƏRTAC
Məlum olduğu kimi Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə birgə təlimi keçirilir. Əslində iki qardaş ölkə arasında son vaxtlar, xüsusilə də 44 günlük Vətən müharibəsi ərəfəsində və ondan sonra bu cür təlimlər intensiv hal alıb. Bu təlimlər son vaxtlar İranın molla rejiminin Azərbaycana qarşı hədsiz davranışlarına bir cavabdır.
Bunu Milli Məclisin deputatı Vüqar İskəndərov AZƏRTAC-a açıqlamasında deyib.
“Təlimlərin gedişinə toxunmazdan öncə mən Prezident İlham Əliyevin noyabrın 25-də Bakıda keçirilən “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı dediyi “Bizim ordumuz Türkiyənin, Türkiyənin ordusu da bizimdir” sözlərini xatırlatmaq istəyirəm. Bəli, bu, həqiqətən də belədir. Xüsusilə də Şuşa Bəyannaməsindən sonra yeni mərhələyə qədəm qoyan Azərbaycan-Türkiyə qardaşlığı özündə həm də iki ölkənin təhlükəsizliyinin təmini məsələsində birgə addımları ehtiva edir. Bu baxımdan yuxarıda bəhs etdiyimiz təlimlər həm də İranın molla rejiminə bir cavab olaraq iki qardaşın birgə xəbərdarlığı kimi də dəyərləndirilə bilər”, - deyə V.İskəndərov qeyd edib.
Deputat bildirib ki, Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
“Müdafiə Nazirliyinin məlumatına əsasən, ssenariyə uyğun olaraq Azərbaycan Ordusunun Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Xüsusi Təyinatlı Qüvvələr, Mühəndis Qoşunları, Raket və Artilleriya Qoşunlarının bölmələri Türkiyə Silahlı Qüvvələrinin hərbiçiləri ilə birgə müxtəlif təlim döyüş tapşırıqlarını yerinə yetirirlər. Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması, şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar da icra edilir. Hesab edirəm ki, bu informasiya İranla sərhəd boyu aparılan birgə təlimlərin dəyəri barədə lazımi qənaətə gəlməyə əsas verir.
Hər kəs, o cümlədən İran dövləti və bu dövləti idarə edən molla rejimi bundan yaxşıca dərs götürməlidir. Dostlarımız da, düşmənlərimiz də bir şeyi unutmasınlar: Bir millət, iki dövlət olan Türkiyə-Azərbaycan qardaşlığı realda da hər zaman öz sözünü deyir, bundan sonra da bu istiqamətdə birgə fəaliyyət göstərəcək”, - deyə V.İskəndərov vurğulayıb.