SİYASƏT
Azərbaycan-Türkiyə dostluq körpüsü əbədidir!
Berlin, 10 sentyabr, AZƏRTAC
Azərbaycanın nüfuzlu nümayəndə heyətinin Türkiyəyə daha bir səfəri başa çatıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxil idi. AZƏRTAC-ın artıq xəbər verdiyi kimi, bu səfərin əsas məqsədi vahid media-platforma yaratmaq, xəbərlərin və ekspertlərin mübadiləsini intensivləşdirmək, dünyada informasiya işinin müştərək aparılmasına nail olmaq idi.
Bir qədər pafos kimi səslənsə də, cəsarətlə deyə bilərəm ki, bu səfər bir millətin iki dövlətinin tarixinə ayrıca bir fəsil kimi daxil oldu. Müstəqillik illəri ərzində iki ölkənin dövlət başçıları, hökumətlərin üzvləri, qanunverici orqanların deputatları, müxtəlif səviyyəli icra orqanlarının nümayəndələri, elm, mədəniyyət xadimləri, habelə iki ölkənin vətəndaş cəmiyyətlərinin təmsilçiləri yüz dəfələrlə qarşılıqlı rəsmi və işgüzar səfərlər ediblər. Bu səfərlərin hər biri ikitərəfli münasibətlərə növbəti töhfə, iki dövləti bir-birinə əbədi bağlayan növbəti “zəncir” olub. 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyinin bərpasından başlayan proses iki əkiz qardaşı ayrı salmaq məqsədilə iri dövlətlərin siyasi oyunları nəticəsində bizim aramızda süni şəkildə ucaldılmış, hər iki xalqın nifrət bəslədiyi (şəxsən mənim çoxdan “Sədərək səddi” adlandırdığım) divarı inamla və amansızcasına uçurdu.
Mənim iki əkiz qızım var və həmişə birlikdə oynayan, birlikdə təhsil alan, bir parta arxasında əyləşən, birlikdə düşünən, birlikdə xəyallara dalan və bəlkə yatanda da eyni yuxuları görən bu qızların bir-birindən ayrı mövcud olmasını təsəvvür edə bilmirəm. Eyni qaydada düşünürəm ki, tarixin iki əkiz qardaşı ayrı salması bizim vahid xalqımız üçün çox böyük faciə olub! Azərbaycan cəmiyyəti mənfur “Sədərək səddi”ni uçurmağa şərait yaratmış dövlət müstəqilliyimizin bərpa olunmasına görə hər gün Ulu Tanrıya şükür edir.
1970-ci illərdə və 1980-ci illərin əvvəlində yay tətili günlərini yaxşı xatırlayıram. O vaxt biz hər il yay tətilini baba yurdumuzda keçirirdik. Araz çayının (daha bir “ayırıcı”!) lap yaxınlığında yerləşən bu evdən bir neçə yüz metr aralıda Möminə Xatun türbəsi yaxınlığındakı yüksəkliyə qalxıb ətrafa baxanda aydın havada möhtəşəm Ağrı dağının qarlı zirvələrini görmək olardı. Hələ orta məktəbdə oxuduğum illərdə, mövcudluğu çox davam etməmiş müstəqil demokratik respublikaların zorla birləşdirilməsi nəticəsində qurulmuş imperiyada yaşadığım dövrdə saatlarla həmin təpədə əyləşər, sükuta dalaraq bu dağın zirvələrinə baxardım.
1970-ci illərdə bir dəfə Sədərək kəndinə qonaq getmişdim. Çox ciddi şəkildə bağlı olan Sovet-Türkiyə dövlət sərhədinin lap yaxınlığında qonşu otaqda ev sahiblərinin həmin dövrdə “dəbdəbə əlaməti” sayılan, Riqada istehsal edilmiş VEF tranzistorunda tutduqları radio dalğasına qulaq asırdım. İnana bilmirdim ki, bu səs “xaricdən” gəlir. Veriliş çox cüzi fərqlərlə şirin bir dildə gedirdi. Orada, Ağrı dağının o tayında eynilə bizim kimi adamların yaşamasını bilmək mənim üçün şok oldu. Biz bir xalqıq! Əlbəttə, bilirdim ki, azərbaycanlılar da türkdür, lakin türk dilində danışığı ilk dəfə eşidəndə təsvirəgəlməz həyəcan hissi keçirdim. Doğrudanmı bu insanlar tarix dərslərində, xüsusən rus-türk müharibələri mövzusunu öyrənərkən bizə “düşmənlər” kimi təqdim edilən adamlardır?
Avtomobillərdə sürücülər tez-tez türk mahnıları yazılmış kasetlər səsləndirirdi. Bir dəfə belə sürücülərin birindən soruşdum ki, bu lent yazılarını haradan tapırlar? Axı o vaxt türk musiqisi yazılmış vallar nə açıq satışda vardı, nə də dövlətə məxsus səsyazma studiyalarında. Mənə cavab verdilər ki, belə mahnıları həmin radio verilişlərindən yazırlar. Bunun üçün kasetli maqnitofonu tranzistorun yanında qoyur və Allaha yalvarırlar ki, “səsboğan” xidmətlərin yaratdığı maneələr yazını çox korlamasın.
Azərbaycan nümayəndə heyətinin Türkiyəyə növbəti səfəri barədə xəbərlər fonunda bu gün ilk baxışda əhəmiyyətsiz görünə biləcək uşaqlıq illərimlə bağlı belə epizodları xatırlayanda gözlərim yaşarır. Ayrı salınmış əkiz qardaşlar bir-birinə qovuşmaq üçün nə qədər gözləməli, nələrə dözməli olublar!
O vaxtdan illər keçib! İndi “səsboğan” xidmətlər yoxdur, “Sədərək səddi”ni isə xalq arasında haqlı olaraq “Ümid körpüsü” adlanan Sədərək körpüsü həmişəlik əvəz edib. Hər dəfə bu iki əkiz dövlətin nümayəndə heyətləri qarşılıqlı səfərlər edərkən bu xoşbəxtliyə görə Ulu Tanrıya təşəkkür etməli və eyni zamanda, dua etməli oluruq ki, bərpa olunmuş birliyimiz bir də heç vaxt sarsılmasın.
Əkiz qardaşların bir-birinə uzatdığı əllər heç vaxt ayrılmasın! Ümid körpümüz əbədi olsun!
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin