SİYASƏT
Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsi türk dünyası üçün də əhəmiyyətlidir
Bakı, 7 sentyabr, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan–Türkiyə münasibətləri hər iki ölkə rəhbərliyinin yürütdüyü siyasət nəticəsində davamlı olaraq inkişaf edir. Xalqlarımız arasındakı əlaqələr demək olar ki, yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan və Türkiyə çox vacib strateji layihələr həyata keçirirlər. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadə verilməsi iki qardaş ölkə arasındakı əlaqələrin möhkəm olduğunu bir daha sübut edir. Azərbaycan-Türkiyə əlaqələrinin gündən-günə möhkəmlənməsi türk dünyası üçün də əhəmiyyətlidir və türkdilli xalqlar arasında münasibətlərin inkişafına müsbət təsir göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.
Deputat bildirib ki, Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir. Xüsusilə də ölkələrimiz arasında yeni sazişlərin imzalanması siyasi-iqtisadi, habelə hərbi əlaqələrin daha da güclənməsinə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev də əməkdaşlığın müxtəlif istiqamətləri haqqında danışarkən hərbi sənaye kompleksləri arasında əlaqələrə xüsusi önəm verildiyini vurğulayıb.
“Hazırda ölkəmiz siyasi müstəvidə xarici dövlətlərlə yüksək səviyyədə münasibətlər formalaşdıraraq, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atır. Ümumiyyətlə, Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarda geoiqtisadi cəhətdən fərqlənən Azərbaycan və Türkiyə beynəlxalq enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı aktorlardır. Hər iki ölkənin Qərbin enerji təhlükəsizliyinin güclənməsində xüsusi rolu var. Uzun illərdir ki, Xəzərin enerji resurslarının dünya bazarlarına nəql olunması ilə əlaqədar Azərbaycan ilə Türkiyə arasında davamlı əməkdaşlığın genişləndirilməsi hər iki dövlətin regionda siyasi-iqtisadi və strateji maraqlarının təmin edilməsini əsaslandırır. Azərbaycanın neft strategiyasının əsasında Qafqaz regionunda sabitliyin möhkəmləndirilməsi və qonşu dövlətlərlə, xüsusilə də Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsi dayanır”, - deyə M.Cəfərov qeyd edib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən söylədiyi fikirlər Azərbaycan və Türkiyənin bütün hallarda və sahələrdə etibarlı tərəfdaş olduqlarını bir daha sübut etdi. Göstərdi ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq.