CƏMİYYƏT
Azərbaycan-Türkiyə ən çətin günlərdə daim bir-birlərinin yanında olub, dəstək nümayiş etdiriblər
Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır
Bakı, 7 fevral, AZƏRTAC
Azərbaycan qardaş Türkiyə uğrunda hər cür fədakarlığa hazırdır.
AZƏRTAC xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadları şərh edərkən bildirib.
Polkovnik qeyd edib ki, Azərbaycan və Türkiyə tarixin ən mürəkkəb, ən təlatümlü anlarında belə mənəvi baxımdan bir-birlərinin yanında olub, bir –birlərinə sevgi və dəstək göstəriblər: “Azərbaycan-Türkiyə tarixi qardaş xalqlar, qardaş dövlətlər tarixidir və biz bu tarixə nəzər salanda görürük ki, hər iki dövlət ən çətin, ən məşəqqətli gündə belə bir-birlərinin yanında olub, dəstək nümayiş etdiriblər.
Bu gün qardaş Türkiyədə baş verən zəlzələ və onun yaratdığı fəsadlar Azərbaycanda ciddi təəssüf və hədsiz həyəcana səbəb olub. Şübhəsiz, Türkiyə dövlətinin gücü, qardaş ölkə xalqının mübarizə əzmi, həmrəylik ruhu ona bu çətinlikdən də çıxmağa kömək edəcək. Artıq Türkiyənin bütün əlaqədar dövlət qurumları zəlzələ bölgəsində genişmiqyaslı iş aparmaqda, insanlara operativ şəkildə köməklik göstərməkdədir. Lakin bu çətin anda hər kəsin, bütün sivil dünyanın borcu Türkiyənin yanında olmaq, ona dəstək verməkdir”.
Hərbi-siyasi ekspert vurğulayıb ki, zəlzələnin ilk anından etibarən Azərbaycan Türkiyənin yanında olduğunu deyib, onunla birlik və həmrəylik sərgiləyib. Artıq Prezident İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyəyə yola düşüb. Türkiyəyə ilkin yardımla bağlı zəruri vasitələr olan ikinci təyyarə də yola salınıb ki, bu təyyarədə tibbi ləvazimatlar, çadırlar, yataq dəstləri, digər zəruri vasitələr yer alıb. Təbii ki, prosesin gedişində gərəkli ehtiyaclar nəzərə alınmaqla Azərbaycan dövləti, xalqımız hərtərəfli yardımlarını davam etdirir.
Ölkəmiz zəlzələnin fəsadları tam ortadan qaldırılana qədər qardaş Türkiyəyə dəstəyini davam etdirəcək, bunun üçün əlindən gələni əsirgəməyəcək.