MƏDƏNİYYƏT
“Azərbaycan-Türkiyə hədəf 2023” layihəsinin könüllüləri Fəxri xiyabanı ziyarət ediblər
Bakı, 30 yanvar, AZƏRTAC
“Azərbaycan-Türkiyə hədəf 2023” layihəsinin könüllüləri yanvarın 30-da Fəxri xiyabanda olublar.
AZƏRTAC xəbər verir ki, əvvəlcə xalqımızın ulu öndəri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə gül dəstələri qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn layihə iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Ziyarət zamanı könüllülər Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək önünə qərənfil dəstələri düzüblər.
Bildirilib ki, “Azərbaycan-Türkiyə Hədəf 2023” layihəsi hər iki dövlət üçün çox əhəmiyyətlidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri bu gün də yüksək səviyyədə davam etdirilir. Məhz buna görə də gənclər bu münasibətlərə dəstək olaraq bu ənənələri qoruyub saxlayır.
Qeyd olunub ki, bu işin davam etdirilməsində tək Azərbaycan gəncləri deyil, bütün türk dünyası həmrəy olmalıdır. Bu işin aktuallaşması və ictimaiyyətə geniş şəkildə təqdim olunması üçün müvafiq işlər həyata keçirilməlidir.