SİYASƏT


Azərbaycan-Türkiyə media platformasının yaradılması strateji əhəmiyyətli qərardır

Bakı, 17 sentyabr, AZƏRTAC 

Tarixi köklərə, dostluğa, qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türkiyə Azərbaycan üçün yalnız dost, tərəfdaş deyil, qardaş ölkədir. Bu gün Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün nümunədir. Hər bir ölkənin inkişafında iqtisadi amili nəzərə alsaq, iki dost ölkənin birgə səyləri, siyasi iradəsi və qətiyyəti nəticəsində reallaşdırılan layihələr təkcə iştirakçı deyil, dünya dövlətlərinin davamlı iqtisadi inkişafını şərtləndirir, ölkələr, xalqlar arasında körpünü daha da möhkəmləndirir. Türkiyə-Azərbaycan birliyi beynəlxalq təşkilatlar çərçivəsində atılan addımlarda öz aydın ifadəsini tapır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə Azərbaycan və Türkiyə Prezidentlərinin telefon danışıqlarında, eyni zamanda, qarşılıqlı təbrik məktublarında əksini tapan fikirlərə diqqət çəkən M.Həsənov bildirib ki, Bakının azad edilməsi Türkiyə-Azərbaycan qardaşlığının əbədilik, sarsılmazlıq rəmzidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məktubunda bildirir ki, ölkələrimiz arasındakı “Bir millət, iki dövlət” şüarının tarixi bünövrəsini qoyan Qafqaz İslam Ordusu ortaq qürur mənbəyimiz və əbədi qardaşlığımızın timsalı olub. Bakıda olduğu kimi, Çanaqqalada da çiyin-çiyinə mübarizə aparan əcdadlarımızdan bizə miras qalan qardaşlığımız bu gün tale birliyimizin də mənəvi zəminini təşkil edir.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan-Türkiyə münasibətlərinə hansı sahədən baxsaq, böyük inkişafın, yeni-yeni hədəflərə doğru birgə addımların şahidi olarıq. “Bu birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. Təkcə cari ildə bu birliyi nümayiş etdirən məqamlara diqqət yetirmək kifayətdir. İyulun 12-də Ermənistanın Azərbaycana qarşı hərbi təxribatına qardaş Türkiyə Respublikası qəti mövqe bildirdi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan və Türkiyənin diaspor təşkilatları birgə aksiyalar keçirdilər, ermənilərin əsl siması bir daha dünya ictimaiyyətinə açıqlandı. Dünya bir daha bu reallığın şahidi oldu ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır. Rəsmi Ankaranın yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilir. Azərbaycanın haqlı mövqeyini dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından müdafiə edən rəsmi Ankara bütün münaqişəli məsələlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin vacibliyini bəyan edir. Düşünürük ki, bu günün əsas müzakirə mövzularından olan Azərbaycan-Türkiyə media platformasının yaradılması da strateji əhəmiyyətli qərardır, hər iki dövlətin maraqları baxımından uzunmüddətli perspektivlərə hesablanıb, həqiqətlərimizin təbliğinə, erməni diasporunun apardığı qərəzli kampaniyalara qarşı mübarizəyə böyük dəstəkdir. Göründüyü kimi, bütün sahələrdə uğurla inkişaf edən Azərbaycan-Türkiyə əməkdaşlığının media sahəsində qurulmasına böyük ehtiyac var”, - deyə o qeyd edib.

Azərbaycan-Türkiyə əlaqələrində hərbi əməkdaşlığın da mühüm yer tutduğunu diqqətə çatdıran M.Həsənov deyib: “Hərbi əməkdaşlıq haqqında Sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək Azərbaycanda hər iki ölkənin quru qoşunlarının və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirildi. Prezident İlham Əliyevin Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbulu zamanı səsləndirdiyi fikirlər ölkələrimiz arasında bu sahədə mövcud əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyi özündə ehtiva edir. Hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəminin olduğunu vurğulayan dövlətimizin başçısı, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlarımızın qardaşlığının gücləndirilməsində də əhəmiyyəti və faydası olduğunu diqqətə çatdırıb”.

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyətinin Ankaraya səfərini iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfə olduğunu qeyd edən deputat deyib: “Milli Məclis Sədrinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop ilə görüşlərində də bu fikir bildirildi ki, qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.