REGİONLAR


Azərbaycan-Türkiyə qardaşlığı regionda sülhə və sabitliyə böyük töhfədir

Füzuli, 19 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində qazandığımız Qələbə illərlə davam edən Qarabağ həsrətinə son qoydu. Əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağımız öz həqiqi, doğma sakinlərinə qayıtdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Ordusu xalqımıza sonsuz Zəfər sevinci yaşatdı. Bu Zəfər, eyni zamanda, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaratdı. Qafqazdakı sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Qarabağ Zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyəri zaman keçdikcə daha yaxşı dərk ediləcək.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Füzuli rayon Ağsaqqallar Şurasının sədri Zülfüqar Əliyev söyləyib.

O bildirib ki, Azərbaycan dövləti regionda düşmənçiliyin aradan qalxması, sülhün və davamlı inkişafın təmin olunması üçün təşəbbüs göstərir. Çünki erməni terroruna son qoyulması bölgədə ölkələrin inkişafına əlavə imkanlar yaradacaq yeni beynəlxalq əməkdaşlıq platformasının yaranmasını zərurətə çevirib. Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların və dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir.

“İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yeni nəqliyyat infrastrukturları bölgənin inkişaf dövrünün əsasını yaradır. Bu istiqamətdə işlər azad edilmiş digər ərazilərimiz kimi, Füzuli rayonunda da sürətlə davam etdirilir”, - deyən Zülfüqar Əliyev bildirib ki, artıq Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yol, eyni zamanda, Horadiz-Zəngilan, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl avtomobil yollarının tikintisinə başlanıb. Paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yol Zəngəzur dəhlizinə çatdırılacaq. Naxçıvan ilə Bakını bir-biri ilə birləşdirəcək Zəngəzur dəhlizinin bölgəmizə gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda, dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq görənlərin hesablarının pozulduğu yerdir. Üstəlik, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxa biləcəklər, beləliklə onlar özləri özlərini saldıqları blokadadan xilas ola biləcəklər. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə Türkiyə də lazımi addımları atacaq. Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çevriləcək.

Zülfüqar Əliyev deyib: “Vətən müharibəsində ordumuz tarixi ədaləti bərpa etdi. Qarabağda Zəfər qazanmaq üçün yumruq kimi birləşən Azərbaycan xalqının sevincinə sevinib, kədərinə üzülən qardaş Türkiyə dövləti oldu. Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer aldı. Tarixən yağı düşmənə qarşı birlikdə, çiyin-çiyinə döyüşən qardaşlar bu gün də lazım gələrsə, birlikdə döyüşməyə hazır olduqlarını sübut etdilər. Eyni tarixi kökə, ortaq mədəniyyətə malik xalqlarımız arasında qardaşlıq və dostluq münasibətləri gündən-günə inkişaf etməkdədir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Qarabağ torpaqlarına gəlməsi, müharibədə əsas cəbhə rolunu oynamış Füzuli rayonunda olması, ölkə başçımız İlham Əliyevlə birlikdə müstəsna tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsini imzalaması, səmimi ünsiyyət və münasibət sərgiləməsi Türkiyə-Azərbaycan qardaşlığının əyani təzahürüdür. Bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarımızda geniş tikinti-quruculuq, abadlıq işləri aparır. Həmişə olduğu kimi, bu işlərdə də qardaş Türkiyə bizimlədir. İşğaldan azad edilmiş ərazilərin dirçəlməsində Türkiyə də öz töhfəsini verməkdədir. Hazırda infrastruktur layihələrin reallaşdırılmasında türk şirkətləri yaxından iştirak edirlər. Bütün bunlarla yanaşı qardaş Türkiyə dövləti bölgədə məktəb, xəstəxana və digər sosial obyektlərin tikintisini reallaşdıracaqdır”.

“Əminik ki, Türkiyə-Azərbaycan qardaşlığı gələcəkdə də yüksək səviyyədə inkişaf edəcək və bu münasibətlər regionun, ölkəmizin, eləcə də rayonumuzun gələcək tərəqqisində başlıca rol oynayacaq”, - deyə Zülfüqar Əliyev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.