SİYASƏT


Azərbaycan-Türkiyə təlimlərinin Tovuz istiqamətindəki döyüşlərlə əlaqələndirilməsi siyasi savadsızlığın göstəricisidir

Bakı, 28 iyul, AZƏRTAC 

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin Quru Qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə genişmiqyaslı birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi Ermənistan mətbuatında və vəziyyətin gərginləşməsində maraqlı qüvvələr tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər və ya hazırda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab kimi təqdim edilir.

Polkovnik-leytenant İ.İsmayılov AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan ilə Türkiyə arasında ilk hərbi müqavilə 1992-ci ildə imzalanıb, yəni, bu əlaqələrin artıq 28 ili tamam olur. Daha sonrakı illərdə isə Türkiyə ilə Azərbaycan arasında bu sahədə imzalanan bir çox digər müqavilələr də bir sıra normativ-hüquqi aktlara söykənir. Azərbaycan Ordusunun hərbi qulluqçularının Türkiyədə təhsil alması, birgə hərbi təlimlərin keçirilməsi, texniki və elmi sahədə əməkdaşlıq və Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclasının mütəmadi təşkil edilməsi kimi tədbirlər əməkdaşlıq barədə imzalanan müqavilələrdə əksini tapıb. Sözsüz ki, iki ölkə arasındakı hərbi əlaqələrin inkişafına təkan verən ən önəmli amillərdən biri də məhz birgə hərbi təlimlərin keçirilməsidir.

Təbii ki, ermənipərəst qüvvələr vəziyyətin gərginləşməsində maraqlı olduqları üçün təlimlərin indiki vaxtda keçirilməsini guya iyulun 12-dən 17-dək Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlər və ya hazırda Ermənistanda keçirilən Rusiya-Ermənistan birgə hərbi təlimlərinə cavab kimi təqdim edəcəklər. Ancaq tam səmimiyyətlə və məsuliyyətlə deyə bilərəm ki, kiminsə bu təlimləri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən əməliyyatlarla əlaqələndirməsi yalnız gülüş doğura bilər. Belə bir ehtimalı irəli sürmək həm siyasi savadsızlığın, həm də bir hərbçi kimi qeyri-peşəkarlığın göstəricisidir. Bu təlimlər inkişaf edən Azərbaycan-Türkiyə hərbi əlaqələrinin növbəti mərhələsidir və hər iki tərəflə razılaşdırılaraq, illik plana uyğun olaraq keçirilir.

“Təlimlərin hazırlanması və keçirilməsi barədə cüzi anlayışı olan hər kəs bilir ki, bu cür genişmiqyaslı təlimləri bir neçə gün ərzində razılaşdırıb keçirmək qeyri-mümkündür. Çünki, planlaşdırma, razılaşdırma, təlimlərə hazırlıq və təlimlərin keçirilməsi protokol qaydalarına uyğun olaraq böyük vaxt tələb edən və uzun sürən prosesdir.

Birgə təlimlər əvvəllər də keçirilib, həm də ildə bir neçə dəfə və belə təlimlərin səmərəli olmasını zaman artıq sübut etmişdir.

Təlimlərin keçirilməsində əsas məqsəd hər iki ölkənin müvafiq qoşun növləri şəxsi heyətinin döyüş hazırlığı səviyyəsini artırmaq, onların birgə əməliyyatlarda iştirak etmək bacarığını yüksəltmək, həmçinin aviasiya vasitələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq və hər iki ölkənin hərbi qulluqçularının döyüş uzlaşmasını yüksək səviyyədə saxlamaqdır. Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlər həm iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılmasına, eyni zamanda bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına yönəlib”, - deyə polkovnik-leytenant qeyd edib.

İ.İsmayılov deyib: “Azərbaycan və Türkiyə hərbi qulluqçuları bir çox beynəlxalq təlimlərdə və sülhyaratma əməliyyatlarında çiyin-çiyinə fəaliyyət göstərirlər. Düşünürəm ki, əvvəllər baş tutan tədbirlər, eləcə də iyulun 29-dan avqustun 10-dək ölkəmizdə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri də birgə fəaliyyətlərin uzlaşmasında, eləcə də koordinasiyasında faydalı olacaqdır: “Hesab edirəm ki, növbəti təlimlər də, uğurla başa çatacaq, qarşıya qoyulan döyüş tapşırıqları keyfiyyətlə, peşəkarlıqla yerinə yetiriləcək və hər iki ordunun döyüş qabiliyyətinin artırılmasına layiqli töhfə verəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.